ABŞ-də Bayraq Günü: Bir dövlət rəmzinin tarixə çevrilən hekayəsi
Hər il iyunun 14-də ABŞ-də Bayraq Günü qeyd olunur. Bu tarix 1777-ci ildə Kontinental Konqresin ABŞ-nin ilk rəsmi dövlət bayrağını təsdiqlədiyi günə təsadüf edir. İlk baxışda sadəcə bir dövlət atributunun qəbul edilməsi kimi görünən bu hadisə əslində Amerika dövlətçiliyinin formalaşması prosesində mühüm mərhələlərdən biri hesab olunur. Çünki bayraq təkcə ölkənin rəsmi simvolu deyil, həm də ABŞ-ın müstəqillik ideyasını, milli birliyini və tarixi inkişaf yolunu özündə əks etdirən mühüm rəmzdir.
Müstəqillik uğrunda mübarizənin simvolu
XVIII əsrin ikinci yarısında Şimali Amerikadakı 13 Britaniya koloniyası Londonun vergi siyasətinə və siyasi nəzarətinə qarşı çıxmağa başlamışdı. 1775-ci ildə başlayan Amerika İstiqlal Müharibəsi yeni bir dövlətin yaranmasına zəmin yaratdı. Müstəqillik uğrunda mübarizə aparan koloniyaların vahid rəmzə ehtiyacı var idi.
1776-cı il iyulun 4-də ABŞ-nin Müstəqillik Bəyannaməsi qəbul edilsə də, ölkənin vahid və rəsmi bayrağı yox idi. Müxtəlif hərbi hissələr və koloniyalar fərqli bayraqlardan istifadə edirdilər. Bu isə yeni yaranan dövlətin vahid kimliyinin formalaşdırılmasını çətinləşdirirdi.
Məhz buna görə də 1777-ci il iyunun 14-də Kontinental Konqres tarixi qərar qəbul etdi. Qərarda qeyd olunurdu ki, ABŞ bayrağı 13 qırmızı və ağ zolaqdan, həmçinin mavi fonda yerləşdirilmiş 13 ağ ulduzdan ibarət olmalıdır. Ulduzlar yeni yaranmış dövlətin 13 ştatını, zolaqlar isə müstəqillik uğrunda birləşmiş 13 koloniyanı təmsil edirdi.
Qeyd edək ki, bu qərar ABŞ tarixində ilk dəfə olaraq dövlətin vahid vizual simvolunu müəyyənləşdirdi.
Betsi Ross əfsanəsi və tarixi faktlar
ABŞ bayrağının yaranması ilə bağlı ən məşhur hekayə Filadelfiyada yaşayan tikiş ustası Betsi Rossun adı ilə bağlıdır. Rəvayətə görə, Corc Vaşinqton və digər dövlət xadimləri ona müraciət edib, ilk Amerika bayrağını hazırlamağı xahiş ediblər.
Bu hekayə ABŞ-də uzun illər ərzində məktəblərdə tədris olunub və milli mifologiyanın bir hissəsinə çevrilib. Lakin müasir tarixçilər Betsi Rossun ilk bayrağın müəllifi olması ilə bağlı etibarlı sənəd tapmayıblar.
Araşdırmalar göstərir ki, bayrağın dizaynının hazırlanmasında Konqres üzvü Frensis Hopkinsonun daha böyük rolu olub. O, ABŞ-ın ilk dövlət möhürü və digər rəsmi simvollarının yaradılmasında da iştirak edib. Buna baxmayaraq, Betsi Ross Amerika mədəniyyətində bayraq tarixinin ayrılmaz simalarından biri olaraq qalır.
Bayraqdakı rənglər nəyi ifadə edir?
ABŞ bayrağının rəngləri ilə bağlı geniş yayılmış izahlar mövcuddur. Rəsmi sənədlərdə ilkin dövrdə bu mənalar ayrıca qeyd edilməsə də, sonradan dövlət simvollarının şərhlərində rənglərə xüsusi məna verilib.
Qırmızı rəng cəsarət və fədakarlığı, ağ rəng təmizlik və idealların saflığını, mavi rəng isə ayıqlıq, sədaqət və ədaləti simvolizə edir.
Bu izahlar zaman keçdikcə amerikalıların milli şüurunun bir hissəsinə çevrilib.
Bəs, niyə indi 50 ulduz var?
1777-ci ildə qəbul edilən ilk bayraqda cəmi 13 ulduz mövcud idi. ABŞ ərazisinin genişlənməsi və yeni ştatların ittifaqa qoşulması ilə ulduzların sayı da artmağa başladı.
Bir müddət həm zolaqların, həm də ulduzların sayı artırılırdı. Lakin bunun bayrağın dizaynını mürəkkəbləşdirdiyi aydın oldu. Buna görə 1818-ci ildə yeni qanun qəbul edildi.
Həmin qanuna əsasən zolaqların sayı tarixdəki ilk 13 koloniyanın xatirəsinə sabit saxlanıldı. Bundan sonra yalnız ulduzların sayı artırılmağa başladı.
Hazırkı bayraq 1960-cı il iyulun 4-dən istifadə olunur. Havay ştatının ABŞ-yə qoşulmasından sonra bayrağa 50-ci ulduz əlavə edilib.
Bir çox ölkələrdə dövlət bayrağı əsasən rəsmi tədbirlərdə istifadə olunur. ABŞ-də isə bayraq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.
Məktəblərdə, dövlət idarələrində, evlərin qarşısında, stadionlarda, avtomobillərdə və hətta geyimlərdə Amerika bayrağının təsvirlərinə rast gəlmək mümkündür.
Bildirək ki, bunun əsas səbəbi ABŞ-nin müxtəlif millətlərdən və etnik qruplardan formalaşmasıdır. Bayraq fərqli mənşəyə malik milyonlarla insan üçün ortaq milli kimlik rəmzi rolunu oynayır.
Xüsusilə Vətəndaş Müharibəsi, Birinci Dünya Müharibəsi, İkinci Dünya Müharibəsi və 11 sentyabr terror hadisələrindən sonra bayraq ABŞ cəmiyyətində birlik və həmrəylik simvolu kimi daha da ön plana çıxıb.
Bayraq Günü necə yaranıb?
Bayraq təsdiqləndikdən sonra uzun müddət iyunun 14-ü rəsmi şəkildə qeyd olunmurdu.
XIX əsrin sonlarında amerikalı müəllim Bernard Siqrand məktəblərdə Bayraq Gününün keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Onun fəaliyyəti nəticəsində bu ideya ölkənin müxtəlif ştatlarında yayılmağa başladı. 1916-cı ildə Prezident Vudro Vilson iyunun 14-nü rəsmi Bayraq Günü elan etdi. Daha sonra 1949-cu ildə Prezident Harri Trumanın imzaladığı qanunla bu tarix milli səviyyədə tanındı. Bununla belə, Bayraq Günü ABŞ-də federal istirahət günü deyil. Buna baxmayaraq, hər il ölkənin müxtəlif bölgələrində paradlar, mərasimlər və vətənpərvərlik tədbirləri təşkil olunur. ABŞ bayrağı hər zaman yalnız birlik simvolu kimi qəbul edilməyib. Müxtəlif dövrlərdə ölkədə baş verən siyasi və sosial mübahisələr bayrağa münasibətdə də özünü göstərib. 1960-cı illərdə vətəndaş hüquqları hərəkatı, Vyetnam müharibəsinə etiraz aksiyaları, son illərdə isə irqçilik və sosial ədalət mövzularında aparılan müzakirələr zamanı bayraq müxtəlif siyasi baxışların simvoluna çevrilib. Buna baxmayaraq, rəy sorğuları göstərir ki, ABŞ vətəndaşlarının böyük əksəriyyəti üçün bayraq hələ də ölkənin əsas milli rəmzlərindən biri olaraq qalır.
249 il əvvəl qəbul edilən sadə bir qərar zamanla dünyanın ən tanınan dövlət simvollarından birini yaratdı. ABŞ bayrağı bu gün təkcə bir ölkənin rəsmi atributu deyil, həm də Amerika tarixinin, siyasi mədəniyyətinin və milli kimliyinin ayrılmaz hissəsi hesab olunur.
İyunun 14-də qeyd olunan Bayraq Günü isə amerikalılara dövlətlərinin yaranma tarixini, keçdiyi mürəkkəb yolu və milli dəyərlərini yenidən xatırlatmağa xidmət edir.
Fatimə Məmmədova
14:05 14.06.2026
Oxunuş sayı: 63