“Solğun Çiçəklər” tamaşasının premyerası baş tutdu




Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir, görkəmli dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası baş tutub.
Crossmedia.az xəbər verir ki, faciə janrında təqdim olunan səhnə əsərinin quruluşçu rejissoru gənc rejissor Səbinə Məmmədzadə, bədii rəhbəri isə Əməkdar artist Nicat Mir Kazımovdur.
Tamaşada baş rolları Əməkdar artist Leyli Vəliyeva, Aygün Fətullayeva, Ədalət Əbdülsəməd və Ümman Budaqov ifa edirlər.
Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesi ilk baxışda məişət dramı təsiri bağışlasa da, əslində ciddi sosial problemləri və ədalətsizlikləri özündə əks etdirən dərin mənalı bir faciədir. Əsərin əsas qəhrəmanı Sara gül-çiçəkləri sevsə də, özü də bəslədiyi solğun güllər kimi tez solur. Onun həyat faciəsi isə yalnız ögey ailəsinin qurduğu hiylələrə deyil, həm də sevdiyi Bəhramın xəyanətinə bağlıdır.
Tamaşa ailədaxili münasibətlərin fonunda bütöv bir cəmiyyətin əxlaqi çöküşünü və sosial bərabərsizliyi tamaşaçılara çatdırır. Qadın məkrinin, hissə qapılmanın və mənəvi pozuntuların faciəvi nəticələri tamaşada kəskin şəkildə əks olunub.
Səbinə Məmmədzadənin quruluşunda səhnəyə qoyulan bu nüfuzlu əsər lirik səhnələri, dərin dramatik məqamları, həzin leytmotivləri və maraqlı işıq effektləri ilə yadda qalır.
Ayan Sədi
16:55 08.06.2025
Oxunuş sayı: 1145