Baykar şirkətinin tarixi — ARAŞDIRMA

Baykar Türkiyənin müdafiə və aviasiya sənayesində aparıcı şirkətlərdən biri olaraq pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və inkişafı sahəsində dünya miqyasında tanınır. Şirkət 1984-cü ildə Özdemir Bayraktar tərəfindən təsis edilib və ilk illərdə avtomobil hissələrinin istehsalı ilə məşğul olub. 2000-ci ildən etibarən Baykar pilotsuz uçuş aparatlarının tədqiqi və istehsalı sahəsində fəaliyyət göstərməyə başlayıb. Şirkətin inkişafında Özdemir Bayraktarın oğulları — Haluk, Səlçuk və Ahmet Bayraktar fəal iştirak edir. Baykarın tədqiqat və elmi inkişaf qrupu 800 nəfərdən ibarətdir və bu heyət mühəndislər və texniki işçilərdən təşkil olunub.
Baykarın istehsal etdiyi PUA-lar dünya miqyasında geniş istifadə olunur. Əsas məhsulları arasında “Bayraktar TB2”, “Bayraktar Akıncı” və “Bayraktar TB3” yer alır. “Bayraktar TB2” orta yüksəklikdə uçan, uzun müddət havada qala bilən və döyüş tapşırıqlarını yerinə yetirən PUA-dır. 2014-cü il iyunun 14-də tam yüklə həyata keçirilmiş uçuş sınağında 27.030 funt yüksəkliyə qalxıb və 5-6 avqust tarixlərində həyata keçirilmiş uçuş testində tam yüklə 18.000 funt yüksəklikdə 4040 km qət edib. Uçuş 24 saat 34 dəqiqə ərzində həyata keçib.
“Bayraktar Akıncı” “Bayraktar TB2”dən daha uzun və geniş dizayna malikdir. Onun 20 metrlik qanad açıqlığı və burulmuş qanad quruluşu aerodinamik effektivliyi artırır və daha çox milli ağıllı sursat daşımasına imkan yaradır. “Akıncı” süni intellekt sistemi sayəsində daha ağıllı qərarlar qəbul edə bilir və ətraf mühitin vəziyyətini daha dəqiq analiz edərək istifadəçilərinə qabaqcıl uçuş və diaqnostik funksiyalar təqdim edir.
“Bayraktar TB2” kimi öz sinfində lider olmağı hədəfləyən “Akıncı” döyüş təyyarələrinin yerinə yetirdiyi bəzi tapşırıqları icra edə bilir. O, elektron dəstək podu, peyk rabitə sistemləri, hava-hava radarları, maneə aşkarlayan radar və sintetik diafraqma radarı kimi inkişaf etmiş faydalı yüklərlə təchiz olunub. Döyüş təyyarələrinin yükünü azaltmaq məqsədilə havadan bombardmanlar həyata keçirə bilər. Bundan əlavə, milli hava-hava raketlər ilə təchiz edilərək hava-hava missiyalarında da istifadə oluna bilər.
“Akıncı” öz sinfində dünyanın ən qabaqcıl texnoloji sistemlərindən biri kimi inkişaf etdirilib. O, yerli və milli MAM-L, MAM-C, Cirit, L-UMTAS, Bozok, MK-81, MK-82, MK-83, KGK-MK-82, Gökdoğan, Bozdoğan və SOM-A sursatları, raketləri və bombaları ilə silahlandırılıb.
“Bayraktar TB3” Baykar tərəfindən milli və orijinal olaraq hazırlanmış silahlı pilotsuz uçuş aparatıdır. Bu sistem, qısa uçuş zolaqlarına malik gəmilərdən qalxıb enə bilmək qabiliyyəti ilə fərqlənir və döyüş tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub.
“Bayraktar TB3” kəşfiyyat və müşahidə missiyalarını icra etməklə yanaşı, qanadları altında daşıdığı yerli ağıllı döyüş sursatları ilə əməliyyatlar həyata keçirə bilir. Onun qatlana bilən qanad quruluşu, helikopter gəmiləri və təyyarə gəmilərində istifadəyə imkan yaradır, bu da onu dənizdə və xarici missiyalarda effektiv bir platformaya çevirir.
PUA görmə xətti ilə əlaqə qurma qabiliyyətinə malikdir. Bu isə onun çox uzaq məsafələrdən idarə olunmasına şərait yaradır. “Bayraktar TB3” müasir döyüş meydanlarında çevik və etibarlı bir həll təqdim edərək, pilotsuz hava vasitələrinin inkişafında yeni bir mərhələni təmsil edir.
Baykar müxtəlif ölkələrlə əməkdaşlıq edərək PUA texnologiyalarını ixrac edir. “Bayraktar TB2” və “Akıncı” müxtəlif hərbi əməliyyatlarda uğurla istifadə edilib və yüksək effektivliyi ilə tanınıb. Qeyd edək ki, “Bayraktar TB2” 1.000.000 saatdan çox uçuş həyata keçirib.
Baykar PUA-lar sahəsində innovativ texnologiyalar təqdim edən və dünya miqyasında tanınan bir şirkətdir. Onun məhsulları müasir döyüş meydanlarında mühüm rol oynayır və texnologiya sahəsində yeni standartlar müəyyənləşdirir. Şirkət Türkiyə Müdafiə Sənayesi və Milli Texnologiya Hərəkatı çərçivəsində yeni layihələr üzərində işləyir. Baykarın məhsulları Türkiyə, Azərbaycan, Ukrayna, Polşa və digər ölkələrdə geniş istifadə olunur. Şirkət Texnofest İstanbulun da əsas təşkilatçılarından biridir. Festivalda PUA-lar, süni intellekt və aerokosmik texnologiyalar sahəsində yeniliklərini təqdim edir. Bildirək ki, Texnofest Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Festival 2018-ci ildən etibarən keçirilir və gəncləri texnologiya sahəsində innovasiyalara təşviq etməyi hədəfləyir. Azərbaycan ilk dəfə 2021-ci ildə “Texnofest Aviasiya, Kosmos və Texnologiya Festivalı”nda iştirak edib. Festivalın sərgi hissəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qurulmuş Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət və startapın məhsul və həlləri nümayiş olunub. Eyni zamanda ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənib.
Türkiyə və Azərbaycanın müdafiə sənayesi sahəsində əməkdaşlığını gücləndirmək və yerli texnologiyaların inkişafına töhfə vermək məqsədi ilə Baykar şirkəti tərəfindən Azərbaycanda “Bayraktar Texnologiya” adlı yüksək texnologiya mərkəzini qurulub. “Bayraktar Texnologiya” PUA-lar, süni intellekt və aerokosmik mühəndislik sahələrində innovativ həllər təqdim edir. Bu mərkəz yerli mühəndislərlə birgə yeni texnologiyalar inkişaf etdirmək, təlim proqramları təşkil etmək və Azərbaycanın müdafiə sənayesini gücləndirmək üçün fəaliyyət göstərir. Türkiyə və Azərbaycanın strateji tərəfdaşlığı çərçivəsində bu mərkəzin yaradılması, iki ölkənin müdafiə sənayesində birgə inkişafa olan sadiqliyini və gələcəkdə texnoloji üstünlük əldə etmək niyyətini təsdiqləyir. “Bayraktar Texnologiya” innovasiya və milli gücün qovuşduğu bir platforma olaraq, gələcək müdafiə texnologiyalarının formalaşmasında əhəmiyyətli bir yer tutur.
Nəzrin Salmanova
18:02 05.06.2025
Oxunuş sayı: 1241