Naxçıvanda ölkə birincisi olmuş voleybolçularla görüş olub

“Möminə xatun” komandası 16 yaşadək qız voleybolçuların Azərbaycan çempionatının qalibi, 14 və 18 yaşadək oğlanlardan ibarət “Naxçıvan” komandaları isə ölkə çempionatının bürünc medalçıları olublar. iyunun 4-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli komandaların üzvlərini qəbul edib.
Fuad Nəcəfli voleybolçu qızların ilkə imza ataraq qazandığı bu uğuru müstəqillik illərində Naxçıvanda idman sahəsində qazanılmış ən böyük nəticələrdən biri kimi qiymətləndirib, qələbənin bütün muxtar respublika ictimaiyyətinin sevincinə səbəb olduğunu bildirib və təbriklərini çatdırıb.
Səlahiyyətli nümayəndə qısa zamanda böyük nəticələr əldə olunmasına görə Azərbaycan Voleybol Federasiyası Naxçıvan filialına və komandaların məşqçi heyətinə təşəkkür edib. Qeyd edib ki, ciddi hazırlıq, yüksək nizam-intizam və böyük zəhmət uğurun əsasıdır. Əzmkar qələbəsi ilə gənclərimiz həm də mənəvi hazırlığını, inamını və komanda ruhunu ortaya qoyub. Bu uğur həm də gənclər arasında idmanın kütləvi xarakter almasının, xüsusilə qadınların idmana marağının artmasının real göstəricisidir.
Fuad Nəcəfli Naxçıvanda idman infrastrukturunun yenilənməsinə ehtiyac olduğunu vurğulayaraq bildirib ki, hazırda muxtar respublikada digər sahələrdə olduğu kimi, idman sferasında da islahatlar aparılır, infrastrukturun yenilənməsi məqsədilə addımlar atılır. Bütün bunlar gələcəkdə uğurların davam etdirilməsinə daha geniş imkanlar açacaq.
Azərbaycan Voleybol Federasiyası Naxçıvan filialının direktoru Vüqar Əliyev Naxçıvanda voleybolun inkişafına göstərdiyi dəstəyə görə səlahiyyətli nümayəndəyə və Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinə minnətdarlıq edib. Bildirib ki, Naxçıvanda voleybol idman növünün elmi əsaslarla inkişaf etdirilməsi və idarəetmənin səmərəli təşkili ilə bağlı 2023-cü ilin sentyabr ayından etibarən bir çox islahatlar aparılıb, 2025-ci ilin may ayında Azərbaycan Voleybol Federasiyasının Naxçıvan filialı yaradılıb. Son dövrdə muxtar respublikada bir çox yüksəksəviyyəli idman yarışları keçirilib, Naxçıvan voleybolçuları bu yarışlarda uğurlu nəticələr əldə edib. Nəticədə, bir neçə oyunçu milli komandaların heyətinə cəlb olunub.
Görüşdə Voleybol Federasiyası Naxçıvan filialının baş katibi Rahil Tahirli, “Möminə xatun” komandasının baş məşqçisi Səməd Əkbəri və digər məşqçi heyətinin Naxçıvanda voleybolun inkişafındakı xidmətləri xüsusi qeyd edilib.
“Möminə xatun” komandasının baş məşqçisi Səməd Əkbəri, komandanın kapitanı Həlimə Hüseynli yarış barədə təəssüratlarını bölüşüb, ölkə kubokunu Naxçıvana gətirdiklərinə görə qürur və sevinc hissləri keçirdiklərini, daha böyük qələbələrə ruhlandıqlarını bildiriblər. (Azərtac)
08:22 05.06.2025
Oxunuş sayı: 999