Özbəkistanda Azərbaycan muğamı ilə bağlı ustad dərsləri keçirilib




Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bu ölkənin nüfuzlu ali təhsil ocaqlarında Azərbaycan muğamı və milli musiqi sənətimizlə bağlı ustad dərsləri keçirilib.
Crossmedia.az bildirir ki, ustad dərslərini Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova aparıb.
Dərslər musiqişünaslıq, solo ifa və xalq çalğı alətləri üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Onlara Azərbaycan milli musiqi mədəniyyəti, muğam sənətinin tarixi kökləri, ifa üslubları, xalq musiqimizin janr zənginliyi və milli irsimizin qorunması ilə bağlı ətraflı məlumatlar təqdim olunub. Gülyanaq Məmmədova mühazirələrində Azərbaycan muğamının dünya musiqi xəzinəsindəki yeri, bu sənətin UNESCO tərəfindən bəşəri irs nümunəsi kimi tanınması, həmçinin muğamın müasir ifaçılıq və bəstəkarlıq məktəblərindəki rolu barədə məlumat verib.
Ustad dərslər çərçivəsində tanınmış Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və digər sənətkarların yaradıcılığına da xüsusi yer ayrılıb, dərslər interaktiv sual-cavab sessiyaları ilə müşayiət olunub.
Layihənin əsas məqsədi Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, gənc özbək musiqiçilərin Azərbaycan musiqi məktəbi ilə yaxından tanış olması və regionda mədəni inteqrasiyanın gücləndirilməsidir.
16:20 03.06.2025
Oxunuş sayı: 1089