“Birbank”la bağlı problem aradan qalxdı? Kiberhücum təhlükəsi

“Kapital bank”ın “Birbank” tətbiqində son günlər ciddi problemlər yaranıb. Belə ki, xüsusilə yanvarın 27-də vətəndaşlar tətbiqdə hesablarında daxil ola bilmədiklərini və ya vəsaitlərini görə bilmədiklərini deyiblər. Bu, ciddi ajiotaja səbəb olub.
Bəzi vətəndaşlar kart hesablarındakı vəsaitin oğurlanacağından narahat olublar. Lakin, xoşbəxtlikdən bu, baş verməyib. Hərçənd növbəti dəfə oxşar hadisələr nəticəsində vəsaitlərin ələ keçməsi istisna deyil.
Bu barədə Crossmedia.az-a danışan İKT mütəxəssisi Elvin Abbasovun sözlərinə görə, hazırda yaşanan problemlə bağlı istifadəçilərin heç bir günahı yoxdur: “Məsələ bankın öz sistemindəki nasazlıqla bağlıdır.
Ehtimallara görə, sistem yeniləməsi zamanı və ya yeni tətbiqin istifadəyə verilməsi zamanı müxtəlif problemlərlə üzləşilib. Yad mühitində və ya test mühitində sınaqların aparılmaması da bu problemlərə səbəb ola bilər. Birinci ehtimal ondan ibarətdir ki, bankın server otaqlarında elektrik və ya avadanlıqlarda nasazlıq baş verib. Digər ehtimal isə kiberhücumlara məruz qalma məsələsidir. Lakin bu ehtimal daha zəifdir, çünki Azərbaycanda indiyə qədər bankların kiberhücum nəticəsində pul oğurlanması qeydə alınmayıb.
E.Abbasovun sözlərinə görə, oxşar hallarda banklar istifadəçiləri dərhal məlumatlandırmalıdır: “Banklar lisenziyalı təşkilatlardır və onlar Mərkəzi Bankın qaydalarına, həmçinin beynəlxalq İSO 27001 təhlükəsizlik standartlarına uyğun fəaliyyət göstərirlər. Bu standartlara görə, hər hansı təhlükəsizlik insidenti baş verərsə, bank istifadəçiləri məlumatlandırmalıdır. Təəssüf ki, Azərbaycanda bu formalaşmayıb. Həm dövlət qurumları, həm də özəl şirkətlər vətəndaşlara məlumat verməkdə çətinlik çəkirlər. Ancaq banklar müştərilərini məlumatlandırmalı, baş verən problemlərin səbəblərini aydın şəkildə izah etməlidirlər".
Fatimə Məmmədova
16:50 28.01.2025
Oxunuş sayı: 5212