Təkliyin orqanizmə təsiri: Bioloji yaş niyə artır?
Tənhalıq və sosial təcrid bioloji qocalmanı sürətləndirə bilər. Bu iki amilin eyni vaxtda müşahidə olunduğu insanlarda bioloji yaş göstəriciləri daha yüksək qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Health Psychology” jurnalında dərc olunan araşdırmada bildirilib.
Çinin bir sıra tibb müəssisələrinin tədqiqatçıları araşdırma zamanı UK Biobank bazasında yer alan 309 746 nəfərin məlumatlarını təhlil ediblər. İştirakçıların müşahidələrə başlanılan vaxt orta yaşı təxminən 56 olub. Onların sağlamlıq vəziyyəti orta hesabla 14,4 il ərzində izlənilib.
Alimlər sosial təcrid və tənhalıq anlayışlarını ayrı-ayrılıqda qiymətləndiriblər. Sosial təcrid insanın sosial əlaqələrinin obyektiv vəziyyətini – tək yaşamasını, insanlarla nadir hallarda görüşməsini və müntəzəm qrup fəaliyyətlərində iştirak etməməsini əhatə edib.
Tənhalıq isə insanın özünü subyektiv olaraq tənha hiss etməsi və güvənə biləcəyi bir şəxsin olmaması ilə əlaqələndirilib.
Bioloji yaş qandakı iltihab göstəriciləri və orqanların fəaliyyəti ilə bağlı məlumatlar əsasında PhenoAge düsturu ilə hesablanıb. Daha sonra əldə olunan nəticə insanın təqvim yaşına uyğun gözlənilən göstərici ilə müqayisə edilib.
02:35 06.11.2026
Oxunuş sayı: 34