Birində barışıq, digərində qorxu: Novruz və Halloween
Bayramlar insanları bir araya gətirmək, sevinc və xoş əhval-ruhiyyə
yaratmaq, cəmiyyətdə birlik və həmrəylik hissini gücləndirmək üçün qeyd olunur.
Hər xalqın özünəməxsus bayram ənənələri, bu günlərə yüklədiyi mənəvi dəyərlər
var. Məsələn, Azərbaycanda Novruz bayramı küsülülərin barışdığı, insanların
bir-birinə xoş münasibət göstərdiyi, ailələrin və dostların bir araya gəldiyi
xüsusi günlərdən biridir. Bu bayramda döyüşən varsa, o da yumurtalardır. Yəni
rəqabət belə müəyyən çərçivədə, əyləncə və zarafat üzərində qurulur.
Lakin dünyada qeyd olunan bəzi bayramların simvolikası və keçirilmə forması
fərqli emosiyalarla əlaqələndirilir. Oktyabrın sonunda qeyd edilən Halloween də
belə bayramlardandır. Qorxulu geyimlər, maskalar, qan və ölüm obrazları, dəhşət
elementləri bu bayramın əsas atributları sırasındadır. Əlbəttə, bu simvolların
mövcudluğu özlüyündə insanların aqressivləşməsi demək deyil. Ancaq Halloween
tədbirləri zamanı ABŞ-nin müxtəlif şəhərlərində baş verən çoxsaylı atışmalar
fonunda bayram mədəniyyətinin insan davranışlarına, emosional vəziyyətə və
zorakılığa münasibətə mümkün təsirləri yenidən müzakirə mövzusuna çevrilir.
Burada əsas məsələ Halloween bayramının insanları aqressivləşdirdiyini iddia etmək deyil. Daha çox qorxu, zorakılıq və ölüm obrazlarının əyləncə predmetinə çevrilməsinin insan psixologiyasında hansı izlər buraxa biləcəyini, aqressiv davranışları normallaşdırıb-normallaşdırmadığını araşdırmaqdır. Eyni zamanda, bayramların mahiyyətindəki mənəvi dəyərlərin insanların münasibətlərinə və cəmiyyətdəki davranışlarına təsiri də diqqətəlayiqdir.

Crossmedia.az-a açıqlama verən Uzman Klinik Psixoloq Adilə Əliyeva bildirib ki, burada əsas
diqqət Halloween bayramının özünə deyil, həmin bayram çərçivəsində uşaqlara və
böyüklərə hansı görüntülərin təqdim olunmasına yönəlməlidir:
“Qorxu insanın təbii emosiyalarından biridir. Bəzən insanlar qorxu
filmlərinə baxmaqla, fərqli obrazlara girməklə bu hissi təhlükəsiz mühitdə
yaşamaqdan zövq alırlar. Bu, özlüyündə problem deyil. Amma mənim üçün
düşündürücü olan ölümün, qanlı səhnələrin və zorakılığın getdikcə daha çox əyləncə
vasitəsinə çevrilməsidir.
Xüsusilə uşaqlarla bağlı bu məsələyə daha həssas yanaşmağın tərəfdarıyam.
Son zamanlar uşaqların qanlı, yaralı, ölüm və ağır xəsarətləri xatırladan
obrazlarda təqdim olunmasını görürük. Böyüklər bunu əyləncə kimi qəbul edə
bilərlər, amma uşağın bunu necə qavradığını da düşünməliyik. Çünki hər uşaq
gördüyü görüntünün sadəcə oyun və ya makiyaj olduğunu eyni şəkildə dərk etmir.
Bəzi uşaqlarda bu cür görüntülər qorxu və narahatlıq yarada, hətta mövcud
qorxuları gücləndirə bilər.
Mən öz peşə fəaliyyətimdə də uşaqlarla işləyərkən müxtəlif obrazlardan,
kuklalardan və simvolik oyunlardan istifadə edirəm. Ancaq burada məqsəd uşağı
qorxutmaq deyil, onun öz hisslərini ifadə etməsinə kömək etməkdir. Məncə, bu
iki yanaşma arasında ciddi fərq var.
Digər tərəfdən, zorakılığın daim əyləncə ilə əlaqələndirilməsi insanda ona
qarşı həssaslığın azalmasına səbəb ola bilər. Psixologiyada bunu
desensitizasiya adlandırırıq. Əlbəttə, bu, həmin görüntülərlə qarşılaşan hər
kəsin aqressiv davranacağı demək deyil. Ancaq xüsusilə inkişaf dövründə olan
uşaqlara nəyi və necə təqdim etdiyimizə diqqət etməliyik.
Uşaqlar üçün maraqlı və əyləncəli tədbir təşkil etmək üçün mütləq qanlı,
qorxuducu obrazlara ehtiyac yoxdur. Fərqli kostyumlar, fantaziya qəhrəmanları
və maraqlı simvollarla da gözəl bir atmosfer yaratmaq mümkündür. Əyləncənin
uşağa qorxu yaşatmadan da maraqlı ola biləcəyini göstərmək lazımdır”.
Psixoloq qeyd edib ki, Novruz və Halloween arasındakı əsas fərq onların insanda yaratdığı emosional təcrübə və ötürdüyü mesajdır:
"Novruz sadəcə yazın gəlişi deyil. Bu bayramın arxasında birlik, barışıq, yenilənmə və paylaşmaq kimi çox gözəl mənalar dayanır. İnsanların bir-birini ziyarət etməsi, küsülülərin barışması, ailələrin bir süfrə ətrafında toplaşması sosial münasibətləri gücləndirir.
İnsanın özünü bir ailəyə, kollektivə və cəmiyyətə aid hiss etməsi onun
emosional vəziyyətində mühüm rol oynayır. Bəzən bir insanın bayram günü
xatırlanması, ziyarət edilməsi və ya onunla xoş söz paylaşılması belə özünü dəyərli
hiss etməsinə səbəb olur.
Halloween isə daha çox fərqli obrazlar, sirr, qorxu və həyəcan üzərində
qurulub. Bu bayramın da insanlara əyləncə və sosiallaşma baxımından müəyyən
təcrübələr qazandırdığını qəbul edirəm. Ancaq mənim fikrimcə, bayramların
dəyərini yalnız əyləncə tərəfi ilə ölçmək düzgün deyil.
Biz uşaqlara və gələcək nəsillərə hansı ənənələri ötürürüksə, əslində,
onlara müəyyən münasibət və davranış nümunələri də ötürürük. Məsələn, Novruzda
barışmağı, paylaşmağı, böyüklərə hörmət etməyi, kiçikləri sevindirməyi öyrənən
uşaq bu davranışları gündəlik həyatında da mənimsəyə bilər.
Mənim üçün bayramın gözəlliyi insanların necə geyinməsində və ya hansı
obrazlara girməsində deyil, həmin günün sonunda bir-birinə qarşı hansı
hisslərlə ayrılmasındadır. İstər uşaq, istərsə də böyük olsun, insanın özünü
xoşbəxt, dəyərli və güvəndə hiss etməsi daha vacibdir.
Düşünürəm ki, biz bayramları qeyd etməklə yanaşı, onların daşıdığı müsbət
dəyərləri də yaşatmağa çalışmalıyıq. Çünki uşaqlara ötürə biləcəyimiz ən gözəl
miras qorxu deyil, mərhəmət, sevgi və bir-birinə hörmət hissidir”.
Məhəbbət Tərlanoğlu
15:45 03.11.2026
Oxunuş sayı: 324