“Tədbir” əvəzinə “event”, “saxta” əvəzinə “feyk”: Mediada dilimizin başına nələr gəlir?
Müasir Azərbaycan mediasında ana dilinin qorunması, ədəbi dil normalarına riayət olunması və jurnalistlərin nitq mədəniyyəti aktual müzakirə mövzularındandır. Bəs media nümayəndələri bu məsuliyyətin öhdəsindən nə dərəcədə gəlirlər? Dil normalarının pozulmasının əsas səbəbləri hansılardır?
Crossmedia.az bu və digər məsələlərlə bağlı Azərbaycan Televiziyasının aparıcısı, efir estetikası və nitq mədəniyyəti üzrə mütəxəssis Mumtaz Xəlilzadəyə müraciət etdik.
-Müasir Azərbaycan mediasında dil normalarının pozulması problemi nə dərəcədə aktualdır?
-Müasir Azərbaycan mediasında dil normalarının pozulması təəssüf ki, çox aktual bir problemdir. Biz bunu özəl kanallarda daha çox müşahidə edirik. Halbuki, televiziya yalnız informasiya ötürən vasitə deyil, həm də cəmiyyətin üçün dil və nitq mədəniyyətini formalaşdırır. Çünki efirdən səslənən hər bir söz milyonlarla dinləyicinin, izləyicinin dil vərdişlərinə birbaşa təsir edir.
Bu gün efirlərdə xüsusən leksik, orfoepik və sintaktik pozuntulara daha çox rast gəlirik. Vurğu, intonasiya xətaları, bəzən şivə elementləri tez-tez rastlaşdığımız problemlərdən biridir.
-Dil normalarının pozulmasının əsas səbəblərini nədə görürsünüz?
-Müşahidə olunan ən ciddi səbəb varvarizmlər və digər dillərdən Azərbaycan dilinə keçən lazımsız, öz dilimizdə qarşılığı olan ifadələrdir. Əsasən ingilis və türk dillərindən gələn sözlərin Azərbaycan dilində qarşılığı olduğu halda, efirlərimizdə yersiz işlədilməsini görürük. Məsələn "təqdim etmək" əvəzinə "sunmaq", "tədbir" əvəzinə "etkinlik", “oldu” əvəzinə “ok” və s. Siyahını çox uzatmaq olar. Aparıcıların dil hazırlığı ikinci və əsas səbəblərdən biri kimi qeyd oluna bilər. Bəzi özəl kanallarda aparıcı seçimində dil biliyi və ya nitq mədəniyyətindən çox vizual tərəfə, yaxud reytinqə üstünlük verilir. Nəticədə televiziya lüğətində orfoepik və qrammatik normalar tez-tez pozulur. Başqa bir mühüm səbəb isə sosial şəbəkələr, həyatımıza daxil olan texnologiyaların gətirdiyi “ustünlüklər”dir. Bunun cavabı isə növbəti sualda.
-Sosial şəbəkələrin və onlayn medianın inkişafı jurnalistlərin dilinə necə təsir göstərib?
-Sosial şəbəkələrin və ya onlayn medianın sürətli inkişafı televiziya jurnalistlərinin dilinə həm müsbət, həm də mənfi təsir göstərir. Bu gün media müstəvisində zamanla yarış, yəni operativlik və diqqət cəlb etmək, yəni reytinq narahatlığı jurnalistlərin nitqinə kifayət qədər təsir edir. Xəbəri ilk yayımlamaq yarışı özü ilə bərabər redaktə, korrektə səhvlərini gətirir. Bu da daha çox orfoqrafik səhvlərin artmasına səbəb olur. Bundan başqa sosial şəbəkə dilinin, məsələn, "feyk", "postlamaq", "layklamaq", "komment" kimi ifadələrin birbaşa jurnalist yazısına və ya aparıcı nitqinə gəlməsi dilimizin lüğət tərkibini korlayır. Müsbət tərəfi kimi isə qeyd edə bilərik ki, əvvəlki dövrün həddən artıq rəsmi, akademik və quru dili öz yerini oxucuya daha yaxın, anlaşılan bir üsluba verib.
-Xarici dillərdən, xüsusilə ingilis və rus dillərindən alınan sözlərin həddindən artıq istifadəsini necə qiymətləndirirsiniz?
-Birmənalı şəkildə xarici dillərdən, xüsusilə ingilis və rus dillərindən, hətta Türkiyə türkcəsindən alınan sözlərin – o sözlər ki dilimizdə bir çox qarşılığı var - Azərbaycan mediasında işlədilməsi dilin saflığı və özünəməxsusluğu üçün ciddi təhlükədir. Bununla paralel dil canlı mexanizmdir. Əlbəttə o yenilənməli, əlavə sözlərlə, ifadələrlə daha da zənginləşməlidir. Məsələn, rəqəmsal dövrün gətirdiyi yeni terminlərdən qaçmaq mümkün deyil və bu, dilin inkişafı üçün hətta lazımdır. Lakin “tədbir” əvəzinə 'event', “saxta” əvəzinə “feyk”, demək dili zənginləşdirməz, əksinə onu öz kökündən uzaqlaşdırar, tənbəlləşdirər. Əgər bir sözün Azərbaycan dilində qarşılığı varsa və o mənanı tam şəkildə ifadə edirsə, xarici sözü efirə gətirmək doğru deyil.
-Jurnalistlərin dil hazırlığı və peşəkar redaktə prosesi dil normalarının qorunması üçün kifayət edirmi?
-Jurnalistlərin hazırlığı təkbaşına kifayət edə bilməz. Çünki media cəmiyyətdən təcrid olunmayıb. O cəmiyyətin, onun inkişafının bir parçasıdır. Media cəmiyyətin güzgüsüdür. Əgər məktəb və ali təhsil pilləsində nitq mədəniyyəti tam formalaşmayıbsa, yalnız aparıcıların fərdi yanaşması ilə bunu tam həll etmək mümkün deyil. Dil normalarının qorunması zəncirvari bir prosesdir.
-Sizcə, Azərbaycan dilinin saflığını qorumaq üçün media hansı məsuliyyəti daşıyır və gələcəkdə Azərbaycan mediasında dil normalarının qorunması üçün hansı tədbirlər görülməlidir?
-Televiziya, radio və onlayn platformalar kütləvi auditoriyaya birbaşa xitab və nüfuz etdiyinə görə efirdən və ya saytdan istifadə olunan hər bir söz cəmiyyətin nitq vərdişlərinə çevrilir. Buna görə də ən çox məsuliyyət məhz medianın üzərinə düşür. Hesab edirəm ki, tədbirlərin görülməyinə artıq başlanılıb. Davamlı olaraq televiziya və radio aparıcıları üçün orfoepiya, diksiya və efir nitqi üzrə peşəkar master-klaslar keçirilir. Prosesdə Azərbaycan Televiziyası bayraqdar rolunda çıxış edir. Amma bu, mütəmadi xarakter daşımalıdır. Bundan başqa bu, mütləq nəzarət olunmalı bir sahədir. Aidiyyəti qurumların monitorinqləri və yoxlamaları, nəzarətləri bu işdə ən vacib faktordur.
Səbiyyə Zayirova
21:30 02.11.2026
Oxunuş sayı: 135