Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək
Azərbaycan 2027-ci ildə keçiriləcək X Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək.
Crossmedia.az xəbər verir ki, BMT Turizm tərəfindən təşkil olunan forumun 2027-ci ilin iyun ayında Qəbələdə keçirilməsi nəzərdə tutulur.
Tədbir çərçivəsində Azərbaycanın milli mətbəxi, zəngin qastronomiya irsi və yerli məhsulları beynəlxalq turizm və qastronomiya mütəxəssislərinə təqdim ediləcək.
2015-ci ildən təşkil olunan Ümumdünya Qastronomiya Turizmi Forumu turizm və qastronomiya sahəsində çalışan mütəxəssisləri, alimləri, sahibkarları, istehsalçıları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirir.
Forumun əsas məqsədi qastronomiya turizmi üzrə təcrübə mübadiləsini genişləndirmək, yerli kulinariya ənənələrinin qorunmasını təşviq etmək və turizmin iqtisadi inkişafdakı rolunu gücləndirməkdir.
Tədbirin Azərbaycanda keçirilməsi ölkənin qastronomiya potensialının beynəlxalq səviyyədə tanıdılmasına, turizm sahəsində investisiya və təhsil imkanlarının genişlənməsinə, həmçinin yeni işgüzar əlaqələrin qurulmasına töhfə verəcək.
14:44 28.10.2026
Oxunuş sayı: 60