Oktyabrın 27-də 20 nömrəli məktəb-liseydə “H.Cavid pr. 253-cü məhəllə” (Akademik Zərifə Əliyeva adına lisey), “H.Cavid pr. 506-cı məhəllə” (Respublika İncəsənət Gimnaziyası), “A.M.Şərifzadə küç. 173” (13 nömrəli tam orta məktəb), “A.M.Şərifzadə küç. 152” (167 nömrəli tam orta məktəb), “Ş.Qurbanov küç. 6/10” (18 nömrəli tam orta məktəb), “Parlament pr. 7” (20 nömrəli tam orta məktəb-lisey), “M.Seyidov küç. 27” (21 nömrəli tam orta məktəb), “F.İbrahimbəyov küç. 17” (31 nömrəli tam orta məktəb), “D.Bünyadzadə küç. 113” (38 nömrəli tam orta məktəb), “A.M.Şərifzadə küç. 207” (52 nömrəli tam orta məktəb), “Z.Xəlilov küç. 35” (53 nömrəli tam orta məktəb), “M.Muxtarov küç. 205” (60 nömrəli tam orta məktəb), “A.Şaiq küç. 236” (153 nömrəli tam orta məktəb), “A.Abbasov küç. 6” (158 nömrəli tam orta məktəb), “MİDA Yasamal yaşayış kompleksi” (161 nömrəli orta məktəb), “N.Nərimanov pr. 101” (147 nömrəli texniki-humanitar lisey), “Ə.Ələkbərov küç. 507/511-ci məhəllə” (225 nömrəli tam orta məktəb), “Yeni Yasamal 1, D.Bünyadzadə küç. 1” (286 nömrəli tam orta məktəb), “Yeni Yasamal 2, Ə.Əhmədov küç.” (308 nömrəli tam orta məktəb), “S.Tağızadə küç. 50” (150 nömrəli tam orta məktəb), “İnşaatçılar pr. 7” (175 nömrəli tam orta məktəb), “İnşaatçılar pr. 7” (176 nömrəli orta məktəb) ünvanları üzrə ərazi partiya təşkilatlarının iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Crossmedia.az xəbər verir ki, müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, Yasamal rayonunda fəaliyyət göstərən məktəblərin müəllim kontingenti, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən 20 nömrəli tam orta məktəb-liseyin direktor vəzifəsini müvəqqəti icra edən Yasəmən Əliyeva qonaqları və tədbir iştirakçılarını salamlayaraq, Yasamal rayonunun ümumtəhsil məktəblərinin geniş heyətinin iştirakı ilə keçirilən bu görüşün gənc nəslin təlim-tərbiyəsi və ideoloji-siyasi maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Y.Əliyeva diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin gələcək inkişaf dinamikasını şərtləndirən strateji dönüş nöqtəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu nitqi təhsil sisteminin modernləşdirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması istiqamətində pedaqoji kollektivlərin qarşısına taleyüklü vəzifələr qoyub. Məktəb rəhbəri vurğulayıb ki, müəllimlərimiz dövlət başçısının təhsil siyasətinə hər zaman sadiqdir və partiya ideallarının məktəblilər arasında aşılanmasında fəallıq göstərirlər.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və konseptual nitqinin ideoloji-siyasi mahiyyəti, təhsil işçilərinin cəmiyyətdəki mənəvi-ideoloji rolu və orta təhsil müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının qarşısında duran mühüm vəzifələr barədə geniş, ətraflı məruzə ilə çıxış edib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası yaranmasından bu günədək ölkəmizin siyasi stabilliyinin, iqtisadi və intellektual tərəqqisinin ideoloji ana sütunu olmuşdur. Ulu Öndərin "Təhsil millətin gələcəyidir" kəlamını uzaqgörənliklə sürdürən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan təhsili köklü islahatlarla zənginləşmiş, modern məktəb infrastrukturları qurulmuşdur. Müzəffər Ali Baş Komandanın liderliyi ilə qazanılan möhtəşəm Zəfərlər və suverenliyimizin tam bərpa olunması yetişən gənc nəslin vətənpərvərlik tərbiyəsinin nə qədər sağlam təməllər üzərində qurulduğunun parlaq sübutudur. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar və partiya sədrinin irəli sürdüyü prioritetlər ümumtəhsil məktəblərində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının işində yeni mərhələ açmışdır. Müəllim yalnız fənn biliklərini ötürən mütəxəssis deyil, həm də gənclərin milli-mənəvi dəyərlər, dövlətçilik təfəkkürü və ideoloji möhkəmlik ruhunda tərbiyə olunmasında əsas simadır. Dövrün ideoloji hücumları və informasiya müharibəsi şəraitində müəllimlərimizin və ərazi partiya təşkilatı fəallarının üzərinə böyük məsuliyyət düşür. Biz partiya ideallarını, zəngin tarixi irsimizi və Böyük Qayıdış ruhunu şagirdlərin şüuruna dərindən həkk etməliyik. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, Yasamal rayonunun ümumtəhsil məktəblərində fəaliyyət göstərən ərazi partiya təşkilatları zəngin pedaqoji və intellektual potensiala malikdir. YAP Yasamal rayon təşkilatı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması, gənc pedaqoqların partiya sıralarına fəal cəlb olunması və ideoloji işin keyfiyyətinin yüksəldilməsi istiqamətində məktəblərin partiya fəalları ilə sıx əməkdaşlığı ardıcıl olaraq sürdürəcəkdir.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov Yeni Azərbaycan Partiyasının təsis olunması tarixi, Ulu Öndər Heydər Əliyevin partiyanın formalaşmasında və müstəqil Azərbaycan dövlətinin xilasındakı əvəzsiz xidmətlərindən geniş danışıb. M.Mərdanov vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bu gün ölkəmizin və regionun ən mütəşəkkil siyasi qüvvəsidir. O diqqətə çatdırıb ki, VIII Qurultayda müəyyənləşdirilən hədəflər çərçivəsində gənc nəslin milli ruhda böyüməsi, partiya ənənələrinə sadiqlik və nəsillərarası varisliyin qorunması təhsil işçilərinin üzərinə düşən mühüm vəzifədir. M.Mərdanov təcrübəli pedaqoqların zəngin hayat yolunun gənclər üçün örnək olduğunu bildirərək, partiya fəallarını ideoloji işdə daha da fəal olmağa çağırıb.
Çıxış edənlər 18 nömrəli tam orta məktəbin direktoru, ƏPT sədri Leyla Fətiyeva, 147 nömrəli texniki-humanitar fənlər liseyinin direktoru, ƏPT sədri Kəmalə Şahmirova və 225 nömrəli tam orta məktəb-liseyin direktor vəzifəsini müvəqqəti icra edən, ƏPT sədri Aytən Qibləliyeva rəhbərlik etdikləri təhsil ocaqlarında aparılan tədris və tərbiyə işləri, şagirdlərin vətənpərvərlik ruhunda yetişdirilməsi və ərazi partiya təşkilatlarının fəaliyyətindən söz açıblar. Çıxışçılar vurğulayıblar ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə və müəllim əməyinə göstərdiyi yüksək diqqət və qayğı pedaqoji kollektivləri daha əzmlə çalışmağa sövq edir. Onlar YAP-ın VIII Qurultayından irəli gələn tapşırıqları gündəlik fəaliyyətlərində rəhbər tutaraq dövlətçilik ideallarının təbliğində və məktəblərin ictimai hayatında ön sıralarda olacaqlarını bəyan ediblər.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.