ABŞ Rusiya neftinin Avropaya satışını bərpa etməyi müzakirə edir
ABŞ və Rusiya Ukraynadakı müharibənin dayandırılması ilə bağlı danışıqlar çərçivəsində Amerika neft şirkətlərinin Rusiya bazarına qayıtmasını və Rusiya neftinin Avropaya ixracının bərpasını müzakirə edirlər.
Crossmedia.az xəbər verir ki, “Financial Times” bu barədə danışıqlardan məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, tərəflər müharibə başa çatdıqdan sonra Rusiyanın Uzaq Şərqində yerləşən Saxalin adası yaxınlığında ABŞ və Rusiya enerji şirkətlərinin birgə layihələrinin bərpası imkanlarını nəzərdən keçirirlər.
Bundan əlavə, Amerika şirkətlərinin iştirakı ilə Rusiya neftinin “Drujba” boru kəməri vasitəsilə Avropa bazarlarına tədarükünün yenidən başlanması da müzakirə olunur.
Bildirilir ki, bu təşəbbüslər Vaşinqtonun Moskvanı Ukraynada sülh razılaşmasına razı salmaq məqsədilə irəli sürdüyü iqtisadi əməkdaşlıq təkliflərinin bir hissəsidir.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya rəsmiləri ilə görüşlərində mümkün enerji sazişlərini müzakirə etdiyi qeyd olunur.
ABŞ rəsmilərinin mövqeyinə görə, bu cür iqtisadi layihələrin həyata keçirilməsi Ukraynadakı müharibənin başa çatdırılmasına dair ümumi sülh razılaşmasından asılı olacaq.
Hələlik tərəflər arasında yekun saziş əldə edilməyib.
14:55 28.10.2026
Oxunuş sayı: 56