Avropa şirkətləri “Starlink”ə alternativ yaratmağa çalışır
Avropa peyk şirkətləri Ukraynanın hərbi rabitə sahəsində ABŞ-li milyarder İlon Maskın “Starlink” sistemindən asılılığını azaltmaq üçün alternativ texnologiyaların hazırlanmasını sürətləndirirlər.
Crossmedia.az xəbər verir ki, “Axios” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, “Starlink” xidmətinə tətbiq edilən məhdudiyyətlərin Ukraynanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi əməliyyatlara təsir göstərməsi Avropa şirkətlərinin bu istiqamətdə fəaliyyətini gücləndirib.
Finlandiyanın “ICEYE” və “Nokia” şirkətləri Ukrayna ilə əməkdaşlıq çərçivəsində müstəqil peyk rabitəsi imkanlarının inkişaf etdirilməsi üzərində çalışırlar.
Layihə üzrə ilkin peyk buraxılışlarının 2028-ci ildə həyata keçirilməsi gözlənilir.
Eyni zamanda, Fransanın “Eutelsat” şirkəti də “Starlink”ə alternativ kimi mövqeyini gücləndirməyə çalışır. Şirkət artıq Ukraynada peyk rabitəsi xidmətləri göstərir.
Avropa şirkətlərinin bu təşəbbüsləri Ukraynanın hərbi rabitə infrastrukturunun dayanıqlığını artırmağa və bir texnologiya təminatçısından asılılığını azaltmağa yönəlib.
15:36 28.10.2026
Oxunuş sayı: 57