Baş prokuror Kamran Əliyev Kot-d’İvuar Respublikasının Yaxşı İdarəçilik üzrə Ali Qurumunun sədri ilə görüşüb
Azərbaycanın Baş prokuroru Kamran Əliyev Kot-d’İvuar Respublikasının Yaxşı İdarəçilik üzrə Ali Qurumunun sədri Epifan Zoro Bi Ballo ilə korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
Crossmedia.az xəbər verir ki, Baş Prokurorluq bu barədə məlumat yayıb.
Görüş oktyabrın 28-də Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin III yüksək səviyyəli görüşü çərçivəsində baş tutub.
Kamran Əliyev Azərbaycanda həyata keçirilən islahatlar, prokurorluq orqanlarının fəaliyyəti və korrupsiyaya qarşı mübarizə tədbirləri barədə məlumat verib.
Baş prokuror “ASAN xidmət” modelinin dövlət idarəçiliyində şəffaflığın artırılmasına və korrupsiya risklərinin azaldılmasına verdiyi töhfəni vurğulayıb.
O, həmçinin antikorrupsiya sahəsində institusional potensialın gücləndirilməsinin, müasir idarəetmə mexanizmlərinin tətbiqinin və beynəlxalq təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
Epifan Zoro Bi Ballo Azərbaycan və Kot-d’İvuar arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək iqtisadiyyat, xüsusilə neft sənayesi sahəsində əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.
O, Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə tərəflər hüquqi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qurumlararası əlaqələrin möhkəmləndirilməsi istiqamətində qarşılıqlı təmasların davam etdirilməsinin vacibliyini vurğulayıblar.
15:59 28.10.2026
Oxunuş sayı: 54