Azərbaycanda qadınların sayı kişilərdən niyə çoxdur? - Sosioloq səbəbləri açıqladı
Cəmiyyətin demoqrafik mənzərəsini müəyyən edən əsas göstəricilərdən biri də qadın və kişilərin say nisbətidir. Azərbaycanda əhalinin cins bölgüsü ilə bağlı açıqlanan rəqəmlər maraqlı mənzərə ortaya qoyur: ölkədə qadınların sayı kişiləri üstələyir. İlk baxışda sadəcə statistik göstərici təsiri bağışlayan bu fərq əslində əhalinin yaş strukturu, ömür uzunluğu və demoqrafik dəyişikliklər baxımından diqqət çəkir. Xüsusilə yaşlı nəsil arasında qadınların say üstünlüyü daha qabarıq görünür. Qadınların say üstünlüyü ailə münasibətlərinə, nikah göstəricilərinə və sosial həyata təsir edirmi? Azərbaycanda qadın və kişilərin say nisbətinin müxtəlif yaş qrupları üzrə dəyişməsi hansı sosial tendensiyalardan xəbər verir? Mövcud vəziyyət gələcəkdə demoqrafik balans üçün risk yarada bilərmi?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən sosioloq Əhməd Rəhmənov ölkədə yaşanan demoqrafik dəyişikliklərə bir sıra fundamental amillərin təsir göstərdiyini bildirir. Onun fikrincə, ətraf mühitin vəziyyəti, qidalanma vərdişləri, gündəlik yaşamda yaşanan stress, müharibələrin fəsadları və mövcud iqtisadi çətinliklər bu prosesə birbaşa təsir edən başlıca amillər sırasında nəzərdən keçirilməlidir.

Ekspert, həmçinin, son dövrlərdə ailə quranların sayında müşahidə olunan azalmaya və xüsusilə kişilərin müəyyən bir hissəsinin təhsil almaq və ya iş imkanları tapmaq məqsədilə xarici ölkələrə üz tutmasına diqqət çəkib.
Əhməd Rəhmənov vurğulayır ki, kişilərin ölkədən miqrasiya etməsi və ailə münasibətlərində baş verən transformasiyalar gələcəkdə sosial və demoqrafik proseslərin gedişatına ciddi şəkildə təsir göstərə bilər: "Müxtəlif millətlərin nümayəndələrinin qurduğu nikahlarda böyüyən uşaqların tərbiyəsi və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülərək qorunması məsələsi də bu kontekstdə mühüm əhəmiyyət kəsb edir".
Nuray Oqtayqızı
16:00 28.10.2026
Oxunuş sayı: 273