Putin Afrikanın BVF və Dünya Bankında rolunun artırılmasını istəyir
Rusiya Afrikanın Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının idarə olunmasında, eləcə də mühüm qərarların qəbulunda iştirakının genişləndirilməsini dəstəkləyir.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə Rusiya–Afrika İqtisadi və Humanitar Forumunda bildirib.
Putinin sözlərinə görə, beynəlxalq maliyyə institutlarında inkişaf etməkdə olan ölkələrin maraqları daha geniş nəzərə alınmalıdır.
“Rusiya Afrikanın çoxtərəfli inkişaf institutlarının, ilk növbədə Beynəlxalq Valyuta Fondu və Dünya Bankının idarə olunmasında və əsas qərarların qəbulunda rolunun gücləndirilməsini dəstəkləyir”, – deyə o vurğulayıb.
Rusiya Prezidenti bu təşkilatlarda inkişaf etməkdə olan iqtisadiyyatların ehtiyacları nəzərə alınmaqla islahatların aparılmasını vacib hesab etdiyini bildirib.
Bundan əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov Moskvanın sanksiyalara baxmayaraq, Afrika ölkələri və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirəcəyini açıqlayıb.
Məlumata görə, Rusiya–Afrika III Zirvə Görüşü və İqtisadi-Humanitar Forumu oktyabrın 28–29-da Moskvada keçirilir. Tədbirdə Afrikanın 54 ölkəsindən 48-nin nümayəndələrinin iştirakı nəzərdə tutulub. Onlardan 22-si dövlət başçısı səviyyəsində təmsil olunur.
15:31 28.10.2026
Oxunuş sayı: 61