Qadınlar özlərini yuxarı statusda gördükləri üçün boşanmalar artır - Sosioloq
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2026-cı ilin yanvar-avqust aylarında 26 485 nikaha daxilolma və 13 278 boşanma halı qeydə alınıb. Bu da onu göstərir ki, boşanmaların sayı nikahların sayının 50,1 faizini təşkil edib. Yəni qeydə alınan hər 100 nikaha təxminən 50 boşanma düşüb. Boşanmaların sayının nikahların sayının 50,1 faizini təşkil etməsi cəmiyyətdə ailə münasibətlərinin gələcəyi ilə bağlı hansı nəticələri çıxarmağa əsas verir? Bu göstəricini boşanma riskinin artması kimi qiymətləndirməliyik ya ailə insitutunun dağılması kimi?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, hər 100 nikaha təxminən 50 boşanma düşür. Bu qeyd olunan müddət ərzində həddindən artıq ciddi rəqəmdir: "Təbii ki, bunun səbəbləri bir amillə bağlı deyil. Bunu bəzən sosial amillərlə bağlayırlar, amma düşünmürəm ki, sosial amillər burada əsas rol oynayır. Çünki Azərbaycanda əhalinin sosial-iqtisadi vəziyyətinin ən aşağı olduğu dövrlərdə belə bu cür statistikalar yox idi. Deməli, burada əsas münasibətlər sistemində olan ziddiyyətlər, adətlərdir. Xüsusən də status məsələsi, bir çox hallarda xanımlar öz statuslarını çox artıq görür, bunun nəticəsində yaranan ziddiyyətlərdən də qaynaqlana bilər. Bu, bir çox hallarda kişilərin konservativ baxışları əsasında, bir çox hallarda isə kənar müdaxilələr nəticəsində baş verir. Bəzən insanların ailə qurduqdan sonra onların daxilində olan dünya görüşü və münasibətlərinin uyğunsuzluğu nəticəsində baş verir".

Sosioloq qeyd edib ki, səbəblər çoxdur: "Bu riskin yüksəlməsi, neqativ halların pişikməsi və boşanma statistikasının bu şəkildə artması, boşanmaların həqiqətən də müəyyən dərəcədə mənfi bir tendensiya kimi artdığını göstərir. Burada əsas risk göstəricisi boşanmaların özündən çox, evlənənlərin üzərində cəmlənir. Çünki boşananların sayındakı bu statistik artım gənclərin evlənmə statistikasını azaldır və evlənənlərin yaş həddinin yüksəlməsinə səbəb olur. Bir çox hallarda bu boşanma prosesləri ailə qurmaq ərəfəsində olan şəxslərə reqressiv təsir göstərir və onlar ailə həyatı başlamaqda tərəddüd edirlər. Hətta valideynlər də övladlarının evlənməsi məsələsində tərəddüdə düşürlər. Bütün bunlar isə il ərzində ailə quranların sayının azalması statistikasını artırır. Bu göstəricilərin artması, təbii ki, böyük risk daşıyır. Riskin mahiyyəti ondadır ki, bu göstəricinin yarıbayarı artması cəmiyyətdə aliment məsələlərində, qadınların uşaqları təkbaşına böyütməsində və ailə institutunun bir çox cəhətdən problemlərinin yaranması, ənənələrin zəifləməsi baxımından riskləri artırır. Həmçinin həm qızlar, həm də oğlanlar arasında evlənənlərin yaş həddinin yüksəlməsi kimi məsələlərdə də risklər artır".
Nuray Oqtayqızı
13:45 28.10.2026
Oxunuş sayı: 1050