Aİ Ukraynaya 2027-ci il üçün maliyyə mənbələri axtarır
Avropa İttifaqından (Aİ) kənar ölkələrin Ukraynaya 2027-ci il üçün vəd etdiyi maliyyə yardımı əvvəlki illə müqayisədə təxminən beş dəfə azdır.
Crossmedia.az xəbər verir ki, “Financial Times” (FT) bu barədə Avropa Komissiyasının proqnozlarına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Aİ-yə üzv olmayan ölkələr Ukraynaya 2027-ci il üçün indiyədək cəmi 4 milyard avro yardım vəd ediblər. Halbuki 2026-cı il üzrə bu göstərici 19 milyard avro təşkil edib.
Avropa Komissiyasının hesablamalarına əsasən, 2027-ci il üçün Ukraynaya vəd olunan ümumi yardımın 80%-i Aİ və ona üzv dövlətlərin payına düşür. ABŞ, Böyük Britaniya, Kanada və Yaponiya isə birlikdə hələlik 1 milyard avro ayırmağı nəzərdə tutublar.
Proqnozlara görə, Ukraynanın 2027-ci ildə müdafiə xərcləri 155 milyard avroya çatacaq. Kiyev bu məbləğin 70 milyard avrosunu beynəlxalq tərəfdaşlardan əldə etməyi planlaşdırır.
Brüssel əlavə maliyyə mənbələri axtarır və bu məqsədlə birgə borclanma imkanlarını da nəzərdən keçirir. Məsələnin noyabrın sonunda keçiriləcək Aİ sammitində müzakirəsi planlaşdırılır.
Eyni zamanda, Avropa ölkələri Böyük Britaniya, Kanada və digər tərəfdaşları Ukraynaya yardımı artırmağa çağırır.
London və Ottavanın yaxın vaxtlarda 2027-ci il büdcələrini təqdim edəcəyi gözlənilir. Aİ həmin büdcələrdə Ukraynaya əlavə dəstəyin nəzərdə tutulub-tutulmadığını izləyəcək.
13:30 28.10.2026
Oxunuş sayı: 74