Aİ Rusiya ilə danışıqlar üçün nümayəndə heyəti hazırlayır
Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibənin başa çatdırılması məqsədilə Rusiya ilə keçiriləcək danışıqlarda iştirak etmək üçün nümayəndə heyəti formalaşdırır.
Crossmedia.az xəbər verir ki, “Euronews” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Avropa Komissiyası və Avropa İttifaqı Şurası noyabrın əvvəlində Əbu-Dabidə keçirilməsi gözlənilən danışıqlara yüksəkvəzifəli rəsmilərdən ibarət birgə heyət göndərməyə hazırlaşır.
Nümayəndə heyətinə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin kabinet rəhbəri Byörn Zaybertin başçılıq edəcəyi ehtimal olunur.
Bildirilir ki, Brüssel danışıqlarda birbaşa iştirak etməklə Ukraynanın maraqlarını müdafiə etməyə və gələcək təhlükəsizlik razılaşmalarının hazırlanmasında rol oynamağa çalışır.
Avropa Komissiyası ilə Avropa İttifaqı Şurasının prosesdə təmsil olunması nəzərdə tutulsa da, nümayəndə heyətinin yekun tərkibi hələ açıqlanmayıb.
Avropa Komissiyasının nümayəndəsi bildirib ki, qurumun əsas məqsədi Ukraynada ədalətli və davamlı sülhə nail olmaqdır.
Qeyd edək ki, danışıqlara Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin qatılması gözlənilir. Avropa İttifaqının iştirak formatı isə hələ tam dəqiqləşməyib.
14:00 28.10.2026
Oxunuş sayı: 57