İstefadan sonra gözlənilməz dönüş: baş nazir yenidən hökumət quracaq
Mavritaniyada Mokhtar Ould Djay yenidən baş nazir təyin edilib və ona yeni hökumətin formalaşdırılması tapşırılıb.
Crossmedia.az xəbər verir ki, Prezident Məhəmməd Ould Şeyx Əl-Qəzvani baş nazirin yenidən təyin olunması ilə bağlı sərəncam imzalayıb.
Qərar Ould Djayın hökumətinin istefasını təqdim etməsindən bir neçə saat sonra qəbul edilib. Buna səbəb prezidentə paytaxt Nouakşottda yerləşən iki əsas elektrik yarımstansiyasında baş verən yanğınlarla bağlı müstəqil istintaq komitəsinin hesabatının təqdim olunması olub.
Hesabatda avqustun 21 və 22-də baş verən yanğınların tələb olunan texniki standartlara cavab verməyən və özəl şirkət tərəfindən idxal olunan elektrik birləşdiricilərindən qaynaqlandığı bildirilib.
İstintaq komitəsi hadisələrə görə şirkəti və Energetika Nazirliyinin bəzi rəsmilərini məsul hesab edib. Yanğınlar nəticəsində Nouakşotun bir sıra ərazilərində günlərlə genişmiqyaslı elektrik kəsintiləri yaşanıb.
Mokhtar Ould Djay 2024-cü ilin avqustundan Mavritaniyanın baş naziri vəzifəsində çalışır. O, daha əvvəl prezident aparatının rəhbəri, eləcə də iqtisadiyyat və maliyyə naziri kimi yüksək vəzifələrdə işləyib.
09:06 10.10.2026
Oxunuş sayı: 59