Braziliyada istehsal olunan ilk “Gripen E” sınaq uçuşunu keçib
Uçuş zamanı təyyarənin əsas sistemləri və uçuş göstəriciləri yoxlanılıb.
“Saab” şirkətinin baş sınaq pilotu Yakob Höqberqin idarə etdiyi “Gripen E” planlaşdırılan sınaqları uğurla tamamlayıb. Uçuşun planlaşdırılması və həyata keçirilməsində “Embraer” mühəndisləri də iştirak ediblər. Əldə olunan məlumatlar növbəti sınaq mərhələlərində istifadə olunmaq üçün qeydə alınıb.
İlk uçuş təyyarənin Braziliya Hərbi Hava Qüvvələrinə təhvil verilməsindən əvvəl keçiriləcək qəbul sınaqlarının başlanğıcı hesab olunur.
Braziliyada istehsal edilən “Gripen E” İsveçdən kənarda yığılan ilk “Gripen” qırıcı təyyarəsidir.
“Embraer” şirkətinin Qaviau-Peşotudakı müəssisəsində yaradılan istehsal xətti “Saab”ın İsveçdən kənarda yerləşən yeganə “Gripen” son yığım xəttidir.
2026-cı il martın 25-də təqdim olunan təyyarə Braziliyada istehsalı planlaşdırılan 15 ədəd “Gripen E” qırıcısının ilkidir.
Braziliya və İsveç arasında 2014-cü ildə imzalanmış müqaviləyə əsasən, Braziliya Hərbi Hava Qüvvələri üçün ümumilikdə 36 “Gripen” qırıcı təyyarəsinin tədarükü nəzərdə tutulub.
Razılaşmaya 28 ədəd biryerlik “Gripen E” və 8 ədəd ikiyerlik “Gripen F” daxildir.
Proqram çərçivəsində braziliyalı mühəndis və texniklər “Saab”ın mütəxəssisləri ilə birlikdə təyyarələrin hazırlanması, istehsalı, sistemlərinin inteqrasiyası və sınaqları prosesində iştirak edirlər.
2020-ci ildə başlayan tədarüklər çərçivəsində indiyədək Braziliya Hərbi Hava Qüvvələrinə 10 qırıcı təyyarə təhvil verilib.
İlk uçuşunu tamamlayan “Gripen E” qalan qəbul sınaqlarından keçdikdən sonra uçuşa yararlılıq təsdiqi almalıdır.
Sınaqlar başa çatdıqdan sonra təyyarə Braziliya Hərbi Hava Qüvvələrinə təhvil veriləcək və Qoyas ştatındakı Anapolis aviabazasına göndəriləcək. Burada o, Birinci Hava Hücumundan Müdafiə Qrupunun inventarına daxil ediləcək.
Braziliya və İsveç mövcud müqaviləyə əlavə olaraq daha 20 “Gripen” qırıcısının alınması ilə bağlı danışıqlar aparır.
“Saab” və “Embraer” şirkətləri iyul ayında həmin təyyarələrin Braziliyada istehsalına imkan verəcək əməkdaşlıq çərçivəsi formalaşdırıblar. Yeni istehsala başlanması üçün danışıqların yekunlaşması və müvafiq müqavilələrin imzalanması tələb olunur.
12:36 09.10.2026
Oxunuş sayı: 26