Azərbaycan–Orta Asiya münasibətlərinin yeni mərhələsi: 7-ci və 8-ci məşvərət görüşlərinin nəticələri
Son illərdə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat-logistika, enerji və humanitar əlaqələrin sürətlə inkişaf etməsi regionlararası əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bu prosesin mühüm institusional nəticələrindən biri Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə formata tamhüquqlu iştirakçı kimi qəbul edilməsi və əməkdaşlığın C5-dən C6 formatına genişlənməsi olmuşdur. 2026-cı il oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilmiş 8-ci Məşvərət Görüşü isə yeni formatın praktik məzmununun formalaşdırılması baxımından əhəmiyyətli mərhələ təşkil edir. Bir çox məsələlərin müzakirə edildiyi görüşdə nəqliyyat və logistika, Orta Dəhliz, Xəzər dənizinin imkanlarından istifadə, enerji əməkdaşlığı, investisiyalar, sənaye kooperasiyası, rəqəmsal bağlantılar və regional təhlükəsizlik məsələləri ön plana çıxmışdır.
8-ci Məşvərət Görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı “Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Hesab edirəm ki, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır. Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq” fikirləri də bir daha təsdiq edir ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlər son illərdə regional əməkdaşlığın ən dinamik istiqamətlərindən birinə çevrilmişdir. Elə adıçəkilən görüşdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səsləndirdiyi “Azərbaycan Mərkəzi Asiya ilə digər regionlar arasında daha möhkəm və konkret məzmunla zənginləşdirilmiş iqtisadi və nəqliyyat məkanının yaradılmasında mühüm rol oynayır” fikirlər də ölkəmizin Orta Asiya ilə münasibətlərinin perspektivlərini aydınlaşdırır. Azərbaycanı Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanla yalnız coğrafi yaxınlıq deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq mənəvi dəyərlər və uzunmüddətli iqtisadi maraqlar birləşdirir. Lakin müasir mərhələdə bu münasibətlər ənənəvi ikitərəfli əlaqələr çərçivəsindən çıxaraq daha geniş geoiqtisadi və geosiyasi məzmun qazanır.
Bu baxımdan 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü xüsusi əhəmiyyət daşıyır. Həmin görüşdə Azərbaycanın bu formata tamhüquqlu iştirakçı kimi qoşulması barədə qərar qəbul edilmişdir. Bununla Mərkəzi Asiyanın beş dövlətini birləşdirən əvvəlki C5 formatı Azərbaycanla birlikdə C6 formatına çevrilmişdir. 7-ci Məşvərət Görüşündə bu qərar Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha sıx əməkdaşlıq məkanının formalaşmasına imkan verən mühüm addım kimi təqdim edilmişdir. Tarixi köklərə və genişmiqyaslı bağlantılara malik Azərbaycan-Orta Asiya münasibətləri C6 formatı daxilində daha da sürətlə inkişaf etməyə başladı. Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı zaman səsləndirdiyi “Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur” fikirləri də qeyd edilənləri bir daha təsdiq edir. Məhz, bu yanaşmanın nəticəsidir ki, artıq 8-ci görüşdə vahid məkan yanaşması daha çox özünü büruzə verdi və belə bir fikir yekdilliklə dəstəkləndi ki, artıq münasibətlər o səviyyədə inkişaf edib ki, C6 daxilində əlaqələr sadə ticarət münasibətlərini üstələyərək, son məhsulu yaratmaq üçün birlikdə çalışma səviyyəsinə çatmaqdadır.
2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilmiş 8-ci Məşvərət Görüşünün yekununda “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı” və Məşvərət Görüşünün tənzimləyici sənədləri haqqında qərar imzalanmışdır. Görüşdə səslənən fikirlər, təkliflər, imzalanan sənədlər belə nəticəyə gəlməyə əsas verir ki, 7-ci görüş daha çox siyasi-institusional inteqrasiyanın, 8-ci görüş isə bu inteqrasiyanın iqtisadi, nəqliyyat, enerji və rəqəmsal istiqamətlər üzrə praktiki məzmununun dərinləşdirilməsi baxımından səciyyələnir.
Azərbaycan–Orta Asiya münasibətlərinin siyasi-iqtisadi və institusional əsasları
Azərbaycan–Orta Asiya münasibətlərinin əsas xüsusiyyətlərindən biri yüksək səviyyəli siyasi dialoqun intensivləşməsidir. 7-ci Məşvərət Görüşündə Prezident İlham Əliyev son üç il ərzində Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə 14 səfər etdiyini, həmin müddətdə Mərkəzi Asiya ölkələrinin liderlərinin və yüksək səviyyəli nümayəndələrinin Azərbaycana 23 səfərinin baş tutduğunu bildirmişdir. Bu göstəricilər siyasi əlaqələrin epizodik xarakter daşımadığını, sistemli və davamlı xarakter aldığını göstərir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə müttəfiqlik və strateji tərəfdaşlıq haqqında sənədlər imzalaması da münasibətlərin hüquqi-siyasi bazasını genişləndirir. Eyni zamanda, mədəniyyət günləri, sərgilər, konsertlər və digər humanitar tədbirlər xalqlar arasında əlaqələrin daha möhkəmlənməsinə xidmət edir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Mərkəzi Asiya ölkələrinin iştirakı da qarşılıqlı həmrəyliyin praktik nümunəsidir. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəbin tikintisi, eləcə də Füzulidə Türkmənistanın məscid tikintisinə dəstəyi bu münasibətlərin yalnız siyasi və iqtisadi deyil, həm də humanitar məzmun da daşıdığını göstərir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu üzv kimi qəbul edilməsi münasibətlərdə yeni institusional mərhələnin başlanğıcıdır. 2025-ci ilədək Azərbaycan bu görüşlərdə dəvətli qonaq statusunda iştirak edirdi. Prezident İlham Əliyev 2023-cü ildə Tacikistanın, 2024-cü ildə isə Qazaxıstanın dəvəti ilə Mərkəzi Asiya sammitlərində iştirak etmişdi. 2025-ci ildə isə Azərbaycanın artıq üçüncü dəfə bu sammitlərdə iştirakı baş tutmuş və tamhüquqlu iştirak barədə qərar qəbul edilmişdir. Bu qərarın əhəmiyyəti yalnız təşkilati dəyişik-liklə məhdudlaşmır. Azərbaycan artıq Mərkəzi Asiyanın regional gündəliyinin formalaşdırıl-masında birbaşa iştirak edən tərəfə çevrilmişdir. Beləliklə, Xəzər dənizinin qərb sahili ilə Mərkəzi Asiyanın şərq sahili arasında siyasi və iqtisadi əlaqələrin institusional əsasları daha da möhkəmlənmişdir. Təbii ki, bu proses Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlığın genişlən-dirilməsi baxımından da əhəmiyyətlidir. Belə bir əməkdaşlıq məkanı nəqliyyat dəhlizləri, enerji şəbəkələri, rəqəmsal bağlantılar və ticarət münasibətlərinin daha sıx əlaqələndirilməsinə şərait yaradır.
Azərbaycan–Orta Asiya iqtisadi münasibətlərinin inkişafında əsas dəyişikliklərdən biri qarşılıqlı ticarətin investisiya və istehsal əməkdaşlığı ilə tamamlanmasıdır. 8-ci Məşvərət Görüşündə Prezident İlham Əliyev Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ticarət dövriy-yəsinin 2025-ci il ərzində 50 faizdən çox artdığını və Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərdiyini bildirmişdir. Həmçinin Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratmışdır. Bu faktlar münasibətlərin yeni iqtisadi modelə keçdiyini ifadə edir. Əvvəlki mərhələdə əsas məqsəd qarşılıqlı ticarətin genişləndirilməsi idisə, hazırkı mərhələdə:
➢ birgə investisiyaların artırılması,
➢ istehsal müəssisələrinin yaradılması,
➢ sənaye kooperasiyasının genişləndirilməsi,
➢ birgə layihələrin həyata keçirilməsi,
➢ üçüncü ölkələrin bazarlarına birgə çıxış kimi istiqamətlər daha çox əhəmiyyət daşıyır.
Bu yanaşma, xüsusilə Mərkəzi Asiyanın böyük xammal, enerji və sənaye potensialı ilə Azərbaycanın nəqliyyat, logistika və ixrac infrastrukturu arasında tamamlayıcı bir mühit formalaşdırır.
Orta Dəhliz Azərbaycan–Orta Asiya əməkdaşlığının əsas iqtisadi platforması kimi
Prezident İlham Əliyevin 8-ci Məşvərət Görüşündə də qeyd etdiyi kimi: Əməkdaşlığımızın əsas sahələrindən biri nəqliyyatdır. Xəzər dənizi ölkələrimiz arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik. Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir.” Dövlət başçısının fikirlərindən də aydın olduğu kimi, Azərbaycan ilə Mərkəzi Asiya arasındakı münasibətlərin ən mühüm istiqamətlərindən biri nəqliyyat-logistika əməkdaşlığıdır. Hələ ötən il 7-ci Məşvərət Görüşündə də Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiyanın Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd rolunu xüsusi vurğulamışdır. Orta Dəhlizin inkişafı çərçivəsində nəqliyyat və logistika infrastrukturunun modernləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması prioritet istiqamətlər kimi təqdim edilmişdir.
Bütün bunlar bir daha təsdiq edir ki, Orta Dəhlizin əhəmiyyəti onun coğrafi mövqeyindən daha geniş məzmun daşıyır. Dəhliz Çin və Mərkəzi Asiyadan Avropaya yükdaşımaların Xəzər dənizi və Azərbaycan üzərindən həyata keçirilməsinə imkan verir. Bu baxımdan Azərbaycan ilə Qazaxıstan arasında Xəzər üzərindən, daha sonra isə Azərbaycan–Gürcüstan–Türkiyə xətti üzrə formalaşan nəqliyyat əlaqələri vahid logistika sisteminin elementlərinə çevrilir.
7-ci görüşdə Azərbaycanın ərazisindən keçən Orta Dəhliz üzrə yükdaşımalarının son üç ildə 90 faiz artdığı bildirilmişdir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, beynəlxalq hava limanları və digər infrastruktur layihələri Azərbaycanın tranzit imkanlarını genişləndirən əsas amillər kimi qeyd edilmişdir. 8-ci görüşdə isə Orta Dəhlizin inkişaf dinamikası daha konkret rəqəmlərlə ifadə edilmişdir: 2025-ci ildə bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, 2026-cı ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artmışdır. Bu göstəricilər Orta Dəhlizin Azərbaycan–Orta Asiya iqtisadi münasibətlərində sadəcə tranzit marşrut deyil, regional iqtisadi inteqrasiyanın infrastrukturu kimi çıxış etdiyini göstərir.
Xəzər dənizi: Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən strateji məkan
Azərbaycan–Orta Asiya münasibətlərində Xəzər dənizinin rolu xüsusi qeyd edilməlidir. Xəzər dənizi Azərbaycanla Qazaxıstan və Türkmənistan arasında nəqliyyat əlaqələrinin əsas həlqəsidir. 8-ci Məşvərət Görüşündə də Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturunun Mərkəzi Asiyanı Azərbaycan və beynəlxalq bazarlarla əlaqələndirmək baxımından əhəmiyyəti vurğulanmışdır. Bu baxımdan Xəzər üzərindən multimodal daşımaların səmərəliliyinin artırılması əsas prioritetlərdən biri kimi qəbul edilir. Burada, yalnız limanların gücü deyil, həm də limanlararası koordinasiya, gəmiçilik imkanlarının genişləndirilməsi, dəmir yolu və avtomobil nəqliyyatının inteqrasiyası, multimodal daşımaların təşkili, elektron sənədləşmə, vahid gömrük və tranzit prosedurları, yük izləmə sistemləri kimi amillər mühüm əhəmiyyət daşıyır. Bu isə o deməkdir ki, Xəzər dənizinin nəqliyyat potensialından tam istifadə yalnız infrastruktur investi-siyaları ilə deyil, eyni zamanda rəqəmsal və institusional inteqrasiya ilə bağlıdır.
Azərbaycan-Orta Asiya münasibətlərində yeni çağırışlar: rəqəmsal iqtisadi əməkdaşlıq və enerji əməkdaşlığı
Məlum olduğu kimi, həm 7-ci, həm də 8-ci görüşlərdə diqqət çəkən bir istiqamət də rəqəmsal bağlantıların inkişafı olub. Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün rəqəmsal infrastruktur, əsas etibarı ilə, nəqliyyat dəhlizlərinin səmərəliliyini artıran mühüm amildir. 7-ci görüşdə “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsinin yaradılması planları qeyd edilmiş, eyni zamanda Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinin də qlobal bazarlara elektrik enerjisinin ixracı baxımından perspektivləri vurğulanmışdır. Bütün iştirakçı ölkələr yekdilliklə qəbul edirlər ki, rəqəmsallaşma Orta Dəhlizin gələcək rəqabət qabiliyyətinin əsas şərtlərindən biridir. Elektron yük sənədləri, rəqəmsal gömrük, real vaxt rejimində yük izləmə, süni intellekt əsaslı marşrut optimallaşdırılması və IoT texnologiyalarının tətbiqi daşımaların vaxtını və xərclərini azaltmağa imkan verə bilər ki, bu da dəhlizin cəlbediciliyini təşviq edərək iqtisadi münasibətləri daha da intensivləşdirə bilər. Bu səbəbdən Azərbaycan–Orta Asiya əməkdaşlığının növbəti mərhələsində “fiziki dəhliz” anlayışının “rəqəmsal dəhliz” anlayışı ilə tamamlanması xüsusi əhəmiyyət daşımaqdadır.
8-ci Məşvərət Görüşündə də səsləndirildiyi kimi, Azərbaycan–Orta Asiya münasibətlərinin strateji istiqamətlərindən biri də enerji resursl-rından birgə və səmərəli istifadə məsələsidir. Azərbaycanın coğrafi mövqeyi və müasir infrastrukrtur təminatı Mərkəzi Asiya enerji resurslarının dünya bazarlarına çıxarılması baxımından ölkəyə mühüm tranzit imkanları yaradır. 8-ci görüşdə Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi vasitəsilə nəql olunduğu və bu daşımaların həcminin artdığı qeyd edilmişdir. Bununla belə, enerji əməkdaşlığının məzmunu, yalnız neft və qazla məhdudlaşmır, alternativ mənbələr daha cəlbedici mövqeyə yüksəlir, bərpaolunan enerji və “yaşıl enerji dəhlizi” perspektivi getdikcə daha çox əhəmiyyət qazanır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji sahəsində əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi və elektrik enerjisi bazarlarının şaxələndirilməsi baxımından yeni imkanlar yarada bilər. Bu istiqamət, həm də Xəzərin enerji və nəqliyyat məkanı olmaqla yanaşı, yaxın gələcəkdə “yaşıl enerji məkanı”na çevrilmə perspektivini də gücləndirir.
Azərbaycan-Orta Asiya: strateji əməkdaşlıqdan iqtisadi birliyə doğru
Azərbaycan–Orta Asiya iqtisadi münasibətlərinin gələcək inkişafında mühüm istiqamətlər-dən biri də sənaye kooperasiyasıdır. 8-ci görüşdə Prezident İlham Əliyev də ölkələrin yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməli olduğunu vurğulamış, eyni zamanda, birlikdə investisiya qoymalı, birgə istehsal etməli və xarici bazarlara birgə çıxmalı olduqlarını vurğula-mışdır. Bu yanaşma iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsini nəzərdə tutur. Məsələn, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında maşınqayırma, kimya və neft-kimya, kənd təsərrüfatı və aqro-emal, tekstil və yüngül sənaye, logistika və anbarçılıq, rəqəmsal texnolo-giyalar, enerji avadanlıqları, tikinti materialları sahələrində kooperasiya imkanları genişdir. Birgə investisiya fondlarının bu prosesdə maliyyə aləti kimi daha fəal istifadə edilməsi regional istehsal zəncirlərinin formalaşmasına kömək edə bilər ki, bunun da zəruriliyi 8-ci görüşdə iqtisadi-ticari əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan Özbəkistan Prezidenti tərəfindən də birgə sənaye texnologiyaları zəncirlərinin, ortaq rəqəmsal xidmətlərin və investisiya mexanizmlərinin əhəmiyyətliliyi əsasında xüsusi qeyd edilib: “İndi buna necə nail olacağımızı müəyyən etməliyik. İlk növbədə, bu, birgə sənaye texnologiyaları zəncirini, ortaq rəqəmsal xidmətlər və böyük layihələrin daha sürətli başlamasına imkan verəcək investisiya mexanizmini əhatə edir”.
Onu da qeyd edək ki, Azərbaycan–Orta Asiya münasibətlərinin mühüm üstünlüklərindən biri humanitar əlaqələrin siyasi və iqtisadi əməkdaşlığı tamamlamasıdır. Azərbaycan və Mərkəzi Asiya xalqları arasında ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər əlaqələrin sosial bazasını formalaşdırır. 7-ci Məşvərət Görüşündə mədəniyyət günlərinin, sərgilərin və konsertlərin xalqlar arasında əlaqələrin daha da yaxınlaşmasına xidmət etdiyi vurğulanmışdır. İşğaldan azad edilmiş ərazilərdə Mərkəzi Asiya ölkələrinin yaratdığı sosial və mədəni obyektlər isə humanitar əməkdaşlığın simvolik və praktiki əhəmiyyətini daha da artırır.
Bu baxımdan gələcəkdə tələbə mübadilələrinin, ortaq elmi tədqiqatların, universitetlərarası proqramların, turizm marşrutlarının və mədəni layihələrin genişləndirilməsi Azərbaycan–Orta Asiya münasibətlərinin sosial əsaslarını daha da möhkəmləndirə bilər.
8-ci Məşvərət Görüşü: C6 formatının praktik mərhələsi və Azərbaycan üçün yeni iqtisadi imkanlar
8-ci Məşvərət Görüşü Azərbaycan üçün yeni formatda ilk tamhüquqlu iştirak mərhələsinin davamı kimi qiymətləndirilə bilər. Yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan dövlət başçılarının iştirak etdiyi 8-ci görüşdən sonra “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı” və formatın tənzimləyici sənədlərinə dair qərar imzalanmışdır. Bu faktın əhəmiy-yəti ondadır ki, 2025-ci ildə qəbul edilmiş siyasi qərar 2026-cı ildə artıq müəyyən institusional çərçivə ilə müşayiət olunmağa başlamışdır. 7-ci və 8-ci görüşlərin nəticələrindən çıxış edərək Azərbaycan üçün bir sıra strateji iqtisadi imkanları fərqləndirmək mümkündür.
İlk növbədə, Azərbaycanın nəqliyyat-tranzit imkanları Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışını daha da asanlaşdıra bilər;
İkincisi, Orta Dəhliz üzrə artan yük axınları liman, dəmir yolu, avtomobil nəqliyyatı, logistika mərkəzləri və gömrük xidmətlərinin inkişafına əlavə stimul yarada bilər;
Üçüncüsü, Mərkəzi Asiyanın enerji resurslarının Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması ölkənin tranzit rolunu daha genişləndirə bilər;
Dördüncüsü, birgə investisiya fondları vasitəsilə istehsal və sənaye kooperasiyasının inkişaf etdirilməsi Azərbaycanla Mərkəzi Asiya arasında ticarət əlaqələrinin daha yüksək əlavə dəyər yaradan əməkdaşlığa çevrilməsinə imkan verə bilər;
Beşincisi, rəqəmsal infrastruktur layihələri Azərbaycanın, yalnız fiziki nəqliyyat qovşağı deyil, həm də rəqəmsal tranzit mərkəzi kimi mövqeyini gücləndirə bilər.
Bütün bunların reallaşdırılması, Azərbaycan–Orta Asiya münasibətlərinin genişlənməsi ilə yanaşı, təbii ki, müəyyən çağırışlar da formalaşdırır. Əsas məsələlərdən biri nəqliyyat dəhlizlərinin müxtəlif ölkələrdəki infrastrukturlarının vahid standartlar əsasında əlaqələndirilməsidir. Dəhlizin, yalnız ayrı-ayrı hissələrinin inkişaf etdirilməsi bütöv marşrutun rəqabət qabiliyyətini məhdudlaşdıra, cəlbediciliyini azalda bilər. Digər mühüm bir məsələ, gömrük prosedurlarının və rəqəmsal sənədlərin uyğunlaşdırılmasıdır. Yükün fiziki hərəkətinin sürətləndirilməsi ilə yanaşı, informasiya axınının da eyni sürətlə hərəkət etməsi vacibdir. Bütün bunlarla yanaşı, Xəzər dənizində daşımaların həcminin artmasına uyğun olaraq liman və gəmiçilik imkanlarının genişləndirilməsi də, dəhliz boyunca, diqqət mərkəzində saxlanmalıdır. İnvestisiya layihələrinin, yalnız elan edilməsi deyil, onların maliyyələşdirilməsi, real olaraq icrası və nəticələrinin birgə monitorinqi, ölçülməsi uzunmüddətli strateji qərarların qəbulu üçün əhəmiyyətli baza ola bilər. Regional əməkdaşlığın institusional mexanizmlərinin tədricən təkmilləşdirilməsi də xüsusilə vacibdir ki, 2026-cı ildə qəbul edilmiş tənzimləyici sənədlər bu istiqamətdə yeni mərhələnin başlanğıcı kimi qəbul edilə bilər.
Beləliklə, 7-ci və 8-ci Məşvərət Görüşləri Azərbaycan–Orta Asiya münasibətlərinin inkişafında bir-birini tamamlayan iki mühüm mərhələ kimi xarakterizə olunur. 2025-ci ildə keçirilmiş 7-ci görüş Azərbaycanın Mərkəzi Asiyanın regional əməkdaşlıq formatına tamhüquqlu qoşulmasını təmin etməklə siyasi-institusional baxımdan yeni mərhələ yaratmışdır. 2026-cı ildə Türkmənbaşıda keçirilən 8-ci görüş isə bu yeni formatın iqtisadi və praktiki məzmununun genişləndirilməsi istiqamətində mühüm addımların atıldığını göstərmişdir. Hazırda Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq, yalnız siyasi və diplomatik münasibətlər sistemi deyil. Bu əməkdaşlıq nəqliyyat-logistika, enerji, investisiya, sənaye, rəqəmsal bağlantılar və humanitar əlaqələri birləşdirən çoxşaxəli regional əməkdaşlıq modelinə çevrilir.
Xüsusilə Orta Dəhliz Azərbaycan–Orta Asiya münasibətlərinin iqtisadi sütunlarından biri kimi çıxış edir. Xəzər dənizi bu sistemin fiziki bağlantı elementini, Ələt limanı və dəmir yolu infrastrukturu tranzit imkanlarını, “Rəqəmsal İpək Yolu” isə onun rəqəmsal komponentini təşkil edir. Enerji sahəsində, neft tranziti ilə yanaşı, yaşıl enerji layihələrinin gündəmə gəlməsi əməkdaşlığın perspektivlərini daha da genişləndirir. Gələcək mərhələdə Azərbaycan–Orta Asiya əməkdaşlığının səmərəliliyinin artırılmasında üç istiqamət xüsusi əhəmiyyət daşıyır:
➢ C6 formatının institusional imkanlarının genişləndirilməsi;
➢ Orta Dəhlizin vahid və rəqəmsallaşdırılmış logistika sistemi kimi inkişaf etdirilməsi;
➢ qarşılıqlı ticarətin birgə investisiya və istehsal layihələri ilə tamamlanması.
Nəticə etibarilə, 7-ci və 8-ci Məşvərət Görüşləri göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya arasında münasibətlər ikitərəfli əlaqələr məcmusundan daha geniş məzmun alaraq Xəzər hövzəsi, Mərkəzi Asiya və Cənubi Qafqazı birləşdirən yeni geoiqtisadi əməkdaşlıq məkanının formalaş-masına doğru inkişaf edir. Bu prosesin növbəti mərhələsində isə əsas məsələ qəbul edilmiş siyasi qərarların konkret investisiya, nəqliyyat, enerji və rəqəmsal layihələrə çevrilməsidir.
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin nəzərəçarpan dərəcədə fəallaşdığı müşahidə edilməkdədir. Həm regional, həm də qlobal miqyasda baş verən geosiyasi proseslər ölkələrin daha sıx əməkdaşlığını təşviq edir. Azərbaycanın bu sahədə atdığı addımlar, dövlət başçılarının qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq tədbirlərdə birgə təmaslar, imzalanan çoxsaylı sənədlər də bunun bariz nümunəsidir. Azərbaycan-Mərkəzi Asiya münasibətləri güclü Türk dünyasının formalaşması, TDT daxilində münasibətlərin daha da yaxşılaşması, eləcə də milli, regional və qlobal inkişaf baxımından mühüm strateji məzmuna malikdir. İşğaldan azad edilmiş ərazilərin bərpasında Mərkəzi Asiya ölkələrinin yaxından iştirakı, Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin, Ağdamda Manas məktəbinin fəaliyyət göstərməsi, Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzi olan məscidin tikintisi, Özbəkistan şirkətinin iştirakı ilə Xankəndidə toxuculuq fabrikinin açılışı və s. özbək, qazax, qırğız və türkmən qardaşlığının – TÜRK BİRLİYİNİN bir nümunəsidir. Bu münasibətlərin inkişafında Azərbaycanın rolu, iştirakı, dövlət başçısı İlham Əliyevin siyasi gedişləri və digər dövlət başçıları ilə dostluq münasibətləri xüsusi qeyd edilməlidir. Məşhur bir şeirdə vurğulandığı kimi: TÜRKİYƏDƏN TÜRKİSTANA YOLDUR AZƏRBAYCAN!
11:00 09.10.2026
Oxunuş sayı: 64