Fransanın İsrailə silah satışında artım qeydə alınıb
Amnesty International Fransa bölməsi İsrailə silah ixracının artdığını bildirərək Fransa hakimiyyətini İsrailə hərbi dəstəyi dayandırmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, Amnesty International Fransa bölməsi ABŞ-nin “X” sosial media platformasındakı hesabında bu barədə məlumat yayıb.
Təşkilatın açıqlamasında İsrailin Qəzzada həyata keçirdiyi hücumların və fələstinlilərin ölümünə səbəb olan proseslərin artıq üçüncü ildir davam etdiyi bildirilib.
Açıqlamada digər dövlətlərin dəstəyinin İsrailə hərbi əməliyyatlarını davam etdirməyə imkan verdiyi iddia olunub. Fransa nümunə göstərilərək, ölkənin 2025-ci ildə İsrailə 2024-cü illə müqayisədə daha çox hərbi material göndərdiyi qeyd edilib.
Fransa Müdafiə Nazirliyinin parlamentə təqdim etdiyi milli silah ixracı ilə bağlı məlumatlara görə, İsrailə silah ixracının dəyəri 2024-cü ildə 16,1 milyon avro olduğu halda, 2025-ci ildə 19,8 milyon avroya yüksəlib.
Amnesty International bu rəqəmlərin İsrailə heç bir silah satılmadığını və Fransanın Fələstin xalqının yanında olduğunu bildirən rəsmilərin açıqlamaları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.
Təşkilat həmçinin İsrailə silah və hərbi sursat tədarükünün və onunla ticarətin nə qədər davam edəcəyini sorğulayıb. Fransa hakimiyyətinə İsrailin hərəkətlərinə şərik olmamaq çağırışı edilib.
Fransanın İsrailə silah və sursat dəstəyi ilə bağlı məsələ daha əvvəl “Air France” aviaşirkətinin reysi ilə də gündəmə gəlib. Fransa həmkarlar ittifaqları “Air France”ın Paris-Təl-Əviv reysində İsrailin müdafiə şirkətlərindən birinə material daşındığını iddia edib. Aviaşirkət isə bu iddianı təkzib edib.
06:25 09.10.2026
Oxunuş sayı: 61