İşığa pul ödəmədən istifadə edə biləcəksiniz
Günəş panellərindən yalnız iri enerji layihələrində deyil, ayrı-ayrı ev və mənzillərdə də istifadə imkanları genişlənir. Bunun son nümunələrindən biri ABŞ-nin Kaliforniya ştatında qəbul edilən yeni qaydalardır. Qanun damında günəş paneli quraşdırmaq imkanı olmayan kirayəçilər və mənzil sakinləri üçün daha kiçik sistemlərdən istifadəni nəzərdə tutur. “Balkon günəşi” adlandırılan bu qurğuların 2027-ci il yanvarın 1-dən istifadəsinə başlanması planlaşdırılır və paneldən əldə olunan elektrik birbaşa mənzildəki məişət cihazlarının enerji tələbatının qarşılanmasına yönəldilə bilər.
Yeni modeldə bir mənzildə istifadə olunan sistemlərin ümumi gücü 1 200 vattla məhdudlaşdırılır və təhlükəsizlik üçün xüsusi texniki tələblər müəyyən edilir. Belə yanaşma ailələrin şəbəkədən aldığı elektrik enerjisinin həcmini azaltmaqla yanaşı, alternativ enerjinin gündəlik məişətdə daha əlçatan istifadəsinə imkan yaradır. Azərbaycanda da günəşli günlərin çoxluğu fonunda fərdi təsərrüfatların günəş enerjisindən istifadəsi məsələsi aktuallaşır. Bəs evlərdə və mənzillərdə günəş panellərinin geniş tətbiqi Azərbaycanda nə dərəcədə realdır və bunun üçün hansı şərtlər yaradılmalıdır?
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ailə təsərrüfatlarının alternativ mənbələrdən enerji istehsal etməsi və artıq enerjini şəbəkəyə ötürməsi üçün hüquqi çərçivə formalaşdırılıb:

"Türkiyə və Ermənistan da daxil olmaqla, müxtəlif ölkələrdə ailələrin alternativ enerji istehsalından istifadə etməsi artıq geniş yayılmış təcrübədir. Azərbaycanda da qanunvericiliyə edilən dəyişikliklərlə ailə təsərrüfatlarının alternativ mənbələr hesabına enerji istehsal etməsi, öz tələbatını ödəməsi və artıq enerjini müəyyən edilmiş tariflərlə dövlətə satması üçün hüquqi imkan yaradılıb".
Rəşad Həsənov bildirib ki, əsas məsələ artıq iqtisadi səmərəlilik və ilkin investisiya xərcləridir. Dünya təcrübəsində uzunmüddətli və faizsiz kreditlər, eləcə də xərclərin müəyyən hissəsinin subsidiyalaşdırılması kimi mexanizmlərdən istifadə olunur. Bu üsullarla ailələrin üzərinə düşən birdəfəlik maliyyə yükü azaldılır və alternativ enerjiyə keçid təşviq edilir. Azərbaycanda hələlik bu bənzər məhsullar və yanaşmalar yoxdur. Başqa bir məsələ də odur ki, Azərbaycan özü bu panellərin istehsalı sahəsində ciddi infrastruktura və sənayeyə malik deyil. İdxalın özü də bu panellərin daha baha başa gəlməsinə gətirib çıxarır. Bir çox birbaşa istehsalçı ölkələrlə müqayisədə Azərbaycanda fərdi təsərrüfat belə bir təşəbbüs göstərəcəksə, deməli, onun bu layihəni maliyyələşdirməsi üçün daha çox vəsaitə ehtiyacı olacaq”.
İqtisadçı əlavə edib ki, bütün bunları nəzərə almaq qeyd etmək lazımdır: “Hüquqi çərçivə bu istiqamətdə imkanlar versə də, texniki problemlərin həlli vacib məsələlərdən biridir. Sayğaclar iki tərəfli enerjinin ötürülməsini qeydə ala bilməli və buna uyğun müvafiq həllər təklif olunmalıdır. Bu məsələlərlə yanaşı, maliyyə istiqamətində də xüsusi dövlət dəstəyi ilə yaradılmış məhsulları təklif etməklə bənzər təcrübəni Azərbaycanda tətbiq etmək mümkündür. Çünki ölkədə alternativ mənbələr, xüsusilə də günəş enerjisi hesabına ilin əhəmiyyətli dövründə enerji əldə edilməsinin effektivlik səviyyəsi yüksək qiymətləndirilir”.

Ekoloq Qorxmaz İbrahimli isə açıqlamasında bildirib ki, Azərbaycanda günəş enerjisindən fərdi təsərrüfatlar səviyyəsində istifadənin genişləndirilməsi həm ailələrin elektrik xərclərini azaltmağa, həm də elektrik şəbəkəsinə düşən yükü azaltmağa imkan verə bilər: "Günəşli günlərin çox olduğu Azərbaycanda bu texnologiyanın xüsusilə kənd yerlərində tətbiqi üçün geniş imkanlar var. Evlərin və digər tikililərin damlarında, müəyyən şərtlər daxilində isə balkonlarda günəş panellərinin quraşdırılması mümkündür. Lakin şəhər mühitində panellərin kütləvi şəkildə yerləşdirilməsi zamanı memarlıq və təhlükəsizlik normaları nəzərə alınmalıdır.
Günəş panellərinin fərdi evlərdə istifadəsi insanların ölkənin elektrik şəbəkəsindən asılılığını müəyyən qədər azalda bilər. Şəhərlərdə isə bu qurğuların binaların ümumi dam hissələrində və fasadlarda yerləşdirilməsi xüsusi standartlar əsasında tənzimlənməlidir".
Ekoloqun fikrincə, xüsusilə kənd yerlərində günəş enerjisindən istifadə daha geniş tətbiq olunmalıdır.
Zeynəb Həsən
16:30 08.10.2026
Oxunuş sayı: 225