Rumıniya sahillərində gəmi yanğını: 2 ölü, 11 yaralı
Rumıniyanın Qara dənizdəki müstəsna iqtisadi zonasında ticarət gəmisində yanğın baş verib. Hadisə nəticəsində gəmidəki 2 nəfər ölüb, 11 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rumıniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Sahil Mühafizəsi əməkdaşlarına ölkənin Qara dənizdəki müstəsna iqtisadi zonasında yerləşən ticarət gəmisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bunun ardınca Rumıniya Dənizçilik İdarəsi (ANR) ölkənin ərazi sularından kənarda baş verən hadisə ilə bağlı axtarış-xilasetmə əməliyyatına başlayıb. Əməliyyata helikopterlər də cəlb olunub.
Yanğından sonra batmağa başlayan gəmidə olan heyət üzvlərindən 2 nəfərin meyiti aşkarlanıb. Daha 11 nəfər yaralanıb və tibbi yardım üçün xəstəxanaya çatdırılıb.
Rumıniya mətbuatında yayılan xəbərlərdə ticarət gəmisinin Ukraynadan İtaliyaya taxıl apardığı iddia olunub.
Bəzi yerli media qurumları isə gəminin pilotsuz uçuş aparatı (PUA) tərəfindən vurulduğunu irəli sürüb. Lakin bu iddia hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
14:48 08.10.2026
Oxunuş sayı: 89