Dünya çempionatı: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır
Azərbaycanın daha dörd cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.
Crossmedia.az-ın məlumatına görə, yarışın beşinci günündə Südabə Ağayeva (70 kq), Elcan Hacıyev, Murad Fətiyev və Süleyman Şükürov (hamısı 90 kq) tatamiyə çıxacaqlar.
S.Ağayevanın 1/32 finaldakı rəqibi ispaniyalı Ai Tsunoda Roustant olacaq.
E.Hacıyev 1/32 finalda ABŞ cüdoçusu Aleksander Knaufla, S.Şükürov eyni raundda norveçli Kornelius Eylertsenlə üz-üzə gələcək.
M.Fətiyev yarışa 1/16 finaldan qoşulacaq. O, Yeqor Varapayev (Belarus) – Teodoros Tselidis (Yunanıstan) görüşünün qalibi ilə görüşəcək.
Təsnifat mərhələsi saat 10:30-da başlayacaq. Medal görüşlərinin keçiriləcəyi final blokuna isə 18:00-da start veriləcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.
09:36 08.10.2026
Oxunuş sayı: 63