Rusiya-Ukrayna savaşında ŞOK SİQNAL: “Rusiya daha 10 il hərbi ritorikanı davam etdirə bilər”
Rusiya-Ukrayna müharibəsinin dayandırılması BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə diqqət mərkəzində olan məsələlərdən biridir. ABŞ və Ukrayna prezidentlərinin Nyu-Yorkda keçirdiyi görüşdə də müharibənin başa çatdırılması və diplomatik səylər müzakirə olunub. Tərəflərin təmasları fonunda atəşkəs və sülh danışıqlarının perspektivləri ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Bu prosesin növbəti mərhələdə hansı istiqamətdə inkişaf edəcəyi isə diqqət çəkən məsələlərdəndir.
Crossmedia.az-a açıqlamasında politoloq Vaqif Hüseyn Rusiya-Ukrayna müharibəsinin uzanmasının əsas səbəblərindən birinin tərəflərin öz mövqelərindən geri çəkilməməsi olduğunu bildirib:

“Müharibə dörd ildən çoxdur gedir. 2027-ci ilə yaxınlaşırıq və artıq beşinci ilə qədəm qoyacaq. Bu müddətdə BMT-nin də bir neçə sammiti keçirilib. Amma hansısa bir müharibəni dayandırmaq mümkün olubmu? Xeyr. Çünki tərəflər öz niyyətlərindən vaz keçmir”, - deyə politoloq qeyd edib.
Vaqif Hüseyn Rusiyanın müharibədəki məqsədləri ilə bağlı öz mövqeyini də açıqlayıb: “Rusiya öz işğalçı niyyətindən vaz keçmir. Rusiya üçün artıq nəinki Donbas, bütün Ukraynanı istəmək məsələsi var. Ukrayna da haqlı olaraq işğal olunmuş ərazilərindən vaz keçmək niyyətində deyil. Ukraynalılar öz vətənləri və torpaqlarının bütövlüyü uğrunda mübarizə aparırlar”.
Politoloq Rusiyadakı siyasi proseslərin də müharibənin davam etdirilməsi istiqamətində mövqenin dəyişmədiyini göstərdiyini bildirib: “Rusiyada keçirilən son seçkilər də bunu göstərdi. Hakimiyyətlə nisbətən loyal münasibət bəsləyən Yabloko belə seçkilərə buraxılmadı. Seçkidə kütləvi saxtalaşdırmalara yol verildiyi barədə iddialar səsləndi. Bu qədər narazılığa, iqtisadiyyatın pisləşməsinə rəğmən, ‘Vahid Rusiya’ gözləniləndən daha yüksək səs topladı”.
Vaqif Hüseyn hesab edir ki, tərəflərin mövqelərində dəyişiklik baş vermədiyi müddətdə müharibənin dayandırılması məsələsi mürəkkəb olaraq qalacaq: “Bu, Dövlət Dumasının formalaşdırılması ilə birlikdə göstərir ki, Rusiya ən azı 10 il hərbi ritorikasını davam etdirə bilər. Ukrayna isə yenə qeyd edirəm ki, öz torpaqlarından vaz keçməyəcək. Ona görə hər hansı bir dayandırmaqdan bəhs oluna bilməz”.
Nigar Xəlilli
19:18 24.09.2026
Oxunuş sayı: 46