Rusiya Ukraynada doğum evini vurdu - 8 nəfər öldü
Rusiyanın Ukraynaya endirdiyi raket və pilotsuz uçuş aparatı hücumları nəticəsində azı 8 nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb.
Crossmedia.az "Reuters"ə istinadən xəbər verir ki, hücumların əsas istiqamətlərindən biri paytaxt Kiyev olub. Rusiya qüvvələrinin gecə saatlarında həyata keçirdiyi hücum nəticəsində Kiyevdə iki nəfər ölüb. Şəhərdə yaşayış evləri, poçt şöbəsi, anbarlar və çoxsaylı avtomobillər zərər görüb.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hücum zamanı mülki obyektlər, yaşayış binaları, doğum evi, enerji infrastrukturu və logistika obyektləri hədəfə alınıb. Doğum evinə də ziyan dəyib.
Ukraynanın şimal-şərqində yerləşən Xarkov vilayətində isə ayrıca hücum baş verib. Prokurorluğun məlumatına görə, kəndlərdən birində tərəvəz anbarının vurulması nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, gecə ərzində ölkə ərazisinə genişmiqyaslı hava hücumu həyata keçirilib. Hücumda 282 pilotsuz uçuş aparatı ilə yanaşı, müxtəlif növ raketlər, o cümlədən hipersəs və ballistik raketlərin istifadə edildiyi bildirilib.
Son aylarda Rusiyanın Ukraynaya qarşı hava hücumlarının intensivliyini artırdığı qeyd olunur. Ukrayna tərəfi xüsusilə ballistik raketlərin qarşısının alınması üçün hava hücumundan müdafiə vasitələrinə ehtiyacın artdığını bildirir.
17:23 24.09.2026
Oxunuş sayı: 51