Azərbaycanın Polşadakı yeni səfiri Azərbaycan Evinin qonağı olub
Azərbaycan Respublikasının Polşa Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov Varşava Azərbaycan Evinin qonağı olub.
Görüşdə Azərbaycan Evinin rəhbəri Fərid Cəfərli evin fəaliyyəti, son illər ərzində həyata keçirilən layihə və təşəbbüslər, Polşada yaşayan azərbaycanlılara göstərilən dəstək, eləcə də icmanın ictimai, mədəni və sosial həyatında görülən işlər barədə geniş məlumat verib. Qarşıdakı dövr üçün nəzərdə tutulan yeni təşəbbüsləri diqqətə çatdırıb.
Söhbət zamanı səfirlik ilə Azərbaycan Evi arasında əməkdaşlığın genişləndirilməsi, Polşadakı soydaşlarımızın maraqlarının diqqətdə saxlanılması, ölkəmizin mədəniyyətinin və milli-mənəvi dəyərlərinin Polşa ictimaiyyətinə daha ətraflı tanıdılması məsələləri müzakirə olunub. Həmçinin gənclərin diaspor fəaliyyətinə cəlb edilməsi və birgə layihələrin reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda mövcud əməkdaşlığın davam etdirilməsi, əlaqələrin yeni istiqamətlər üzrə inkişafı və birgə təşəbbüslərin həyata keçirilməsi barədə razılıq ifadə olunub.
16:28 24.09.2026
Oxunuş sayı: 40