Türk dövlətləri arasında SƏRHƏDLƏR SADƏLƏŞİR: Şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş mümkün olacaq?
Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya və qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində yeni təşəbbüslər müzakirə olunur. Bu çərçivədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər türk dövlətlərinin vətəndaşlarının xarici pasport əvəzinə şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər imkanlarının yaradılması məsələsi gündəmə gəlib. TDT son illərdə siyasi dialoqla yanaşı, iqtisadi əməkdaşlıq və regional bağlantıların gücləndirilməsi istiqamətində də fəaliyyətini genişləndirir.
Hazırda söhbət bütün türk dövlətləri üçün yekun qərardan deyil, belə bir mexanizmin tətbiqi ilə bağlı müxtəlif variantların müzakirəsindən gedir. Şəxsiyyət vəsiqəsi ilə səfərlərin mümkün olması halında bu, vətəndaşların hərəkətini asanlaşdırmaqla yanaşı, turizm, təhsil, biznes və insanlararası əlaqələrin genişlənməsinə də təsir göstərə bilər. Bəs Türk dünyasında sərbəst hərəkətin bu formada sadələşdirilməsi inteqrasiya prosesinə necə təsir edə bilər?
Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Türk dövlətləri arasında şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş imkanının genişləndirilməsinin vacib olduğunu bildirib: “Türkiyə və Azərbaycan arasında şəxsiyyət vəsiqəsi ilə gedib-gəlmək çox önəmlidir. Sadəcə, bunun digər Türk dövlətləri ilə də olması gərəkdiyini düşünürəm və çox vacibdir. Çünki biz Türk birliyi, Türk Dövlətləri Təşkilatı qurmuşuq. Azərbaycanın xüsusilə Özbəkistanla, Türkmənistanla, Qazaxıstanla, Qırğızıstanla həm diplomatik, həm də iqtisadi münasibətləri yüksək səviyyədədir”.

Tənzilə Rüstəmxanlı gediş-gəlişin asanlaşdırılmasının Türk dövlətləri arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb: “Pasport və viza ilə bağlı bəzi maneələr aradan qalxarsa, vətəndaş üçün gedib-gəlmək çox asan olacaq. Bir ailə hesab etdiyimiz Türk dünyasında, xüsusilə müstəqil Türk dövlətləri arasında gediş-gəlişin daha rahat olması, bir-birimizi daha yaxşı tanımağımız və Türk dünyasının bütövlüyünün qurulması yönündə atılacaq ən önəmli addımlardan biri hesab edirəm bunu”.
Deputatın sözlərinə görə, bu prosesin yaxın zamanda reallaşması mümkündür: “Düşünürəm ki, çox yaxın zamanda bu öz həllini tapacaq və çox qısa zamanda da həyata keçəcək”.
Nigar Xəlilli
14:00 24.09.2026
Oxunuş sayı: 49