“Kurtlar Vadisi” GERİ DÖNDÜ: İllər əvvəl çəkilən bu səhnəyə görə yeni istintaq BAŞLADI
“Kurtlar Vadisi” illər əvvəl ekranlara çıxsa da, Türkiyənin siyasi və ictimai həyatına toxunan süjetləri səbəbindən bu gün də müzakirə olunan seriallardan biridir. Dövlət-mafiya münasibətləri, kəşfiyyat, yeraltı dünya və terror təşkilatları ilə bağlı mövzuların serialın əsas xəttinə çevrilməsi ekran əsərinin sadəcə kriminal süjet üzərində qurulmadığı barədə müzakirələri illərdir davam etdirir. Xüsusilə “Kurtlar Vadisi Pusu”da dövlət strukturları, kəşfiyyat və terrorla bağlı mövzuların daha geniş işlənməsi serialla real hadisələr arasında mümkün əlaqələrin araşdırılmasına da zəmin yaradıb.
Serialın adı hazırda yenidən gündəmdədir. Səbəb isə keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri həbsxanasında ölümünə dair yenidən başladılan istintaqın “Kurtlar Vadisi Pusu”nun bəzi səhnələrinə də şamil edilməsidir. İstintaq çərçivəsində serialdakı “Kazım Kaşifoğlu” obrazı ilə Kozinoğlu arasındakı mümkün paralellər və bəzi səhnələr araşdırılır, ssenaristlər isə “məlumat sahibi” qismində ifadə veriblər. Sentyabrın 16-da Baş Prokurorluq serialın bəzi səhnələrində mümkün mesaj və detalların ekspertiza heyəti tərəfindən incələnəcəyini açıqlayıb.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlamasında bildirib ki,
“Kurtlar Vadisi” ilə bağlı, ümumilikdə, bir çox məsələlər var: "Əlbəttə ki, “Kurtlar Vadisi” kifayət qədər dərin dövlət məsələlərini özündə ehtiva edən bir serial olub.

Yəni sıradan bir serial olmadığı və Türkiyənin müasir siyasi həyatına işıq tutduğu aydın məsələ idi. İlk öncə, 97 bölümlük “Kurtlar Vadisi” serialında dövlət-mafiya münasibətləri, Türkiyədəki yeraltı dünyada – mafiyadakı çəkişmələr nümayiş etdirilirdi. “Kurtlar Vadisi Pusu” serialında isə bu məsələləri daha da genişləndirərək dövlətin idarəetmə prinsiplərini, kəşfiyyatın daxilində olan məsələləri, bir sözlə, dövlət sahəsindəki mövzuları əhatə etdilər. Məsələn, terror təşkilatları ilə münasibətləri və digər məsələləri daha da dərinləşdirdilər. Məsələn, Şahmaran və Muro obrazları olsun, terror təşkilatının şəhərin içində necə təşkilatlanması və onun çökdürülməsi səhnələri var idi. Ümumilikdə geniş bir serialdır".
Politoloq qeyd edib ki, bu baxımdan “Kurtlar Vadisi”də olan bəzi məsələlərin araşdırılması, hansısa bir kəşfiyyatçının – konkret şəkildə Kaşif Kozinoğlunun məsələsi ilə bağlıdır: "Bu məsələdə araşdırmanın aparılması tamamilə gözlənilən bir haldır. Məsələlər “Kurtlar Vadisi” serialında geniş işıqlandırıldığı üçün araşdırmanın aparılması da labüddür və əlbəttə ki, həqiqət üzə çıxacaq. Seriala bu elementlərin necə daxil olduğu və burada hansı məsələlərin nəzərdə tutulduğu istintaq çərçivəsində aydınlaşmalı olan məsələlərdir. Ümumilikdə dediyim kimi, “Kurtlar Vadisi”ndə Türkiyənin real siyasi mənzərəsini göstərən bir çox məsələlər var idi və həmin məsələlər bir növ aydınlatma verirdi. Geniş şəkildə araşdırma aparıldıqdan sonra, yəqin ki, istintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
Zeynəb Həsən
12:05 24.09.2026
Oxunuş sayı: 47