Yunanıstan müdafiəyə böyük vəsait xərcləməyə məcburdur
Yunanıstanın ədliyyə naziri Georgios Floridis ölkəsinin müdafiə sahəsinə böyük vəsait ayırmağa məcbur olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Georgios Floridis bu barədə açıqlamasında məlumat verib.
Nazirin sözlərinə görə, Yunanıstan Avropanın bəzi ölkələri kimi müdafiə xərclərini azaltmaq imkanına malik deyil. O, ölkənin təhlükəsizlik vəziyyətini qonşularla bağlı risklərlə əlaqələndirib.
“Biz Lüksemburq və ya Niderland deyilik, bizim aqressiv qonşularımız var”, - Floridis bildirib.
O qeyd edib ki, Yunanıstan müdafiə sahəsinə böyük məbləğlər xərcləyir. Nazir “Belharra” freqatları, “Rafale” və F-35 qırıcıları, həmçinin “Axilles qalxanı” hava hücumundan müdafiə sistemi ilə bağlı layihələri nümunə göstərib.
Floridisin sözlərinə görə, bütün bu layihələr milyardlarla dollar vəsait tələb edir və həmin pulların sosial sahəyə yönəldilməsi daha arzuolunan olardı. Lakin mövcud təhlükəsizlik şəraitində bunun mümkün olmadığını deyib.
Qeyd edək ki, Yunanıstanın müdafiə xərclərinin yüksək olmasının əsas səbəblərindən biri Türkiyə ilə uzun illərdir davam edən gərginlikdir.
14:11 10.09.2026
Oxunuş sayı: 46