Vyetnamdan Rusiyaya təyyarə dəstəyi: “Yaş lizinq” masada
Rusiya aviaşirkətləri üçün Vyetnamdan ekipaj və texniki xidmətlə birlikdə təyyarələrin “yaş lizinq” modeli ilə icarəyə götürülməsi təklif edilib.
Crossmedia.az xəbər verir ki, Rusiyanın nəqliyyat naziri Andrey Nikitin bu barədə Moskvada keçirilən danışıqların yekunları ilə bağlı açıqlama verib.
Nikitin bildirib ki, Vyetnam tərəfi hazırda təklifi nəzərdən keçirir. Onun sözlərinə görə, mümkün razılaşma ölkələr arasında hava əlaqələrinin genişləndirilməsinə imkan verə bilər.
Nazir qeyd edib ki, son bir il ərzində Rusiya ilə Vyetnam arasında turizm axını təxminən üç dəfə artıb.
Beynəlxalq sanksiyalar və aviasiya texnikası çatışmazlığı fonunda Rusiya daha əvvəl Mərkəzi Asiya ölkələri, Qətər, Küveyt və Efiopiyadan təyyarə icarəyə götürməyə çalışıb.
Efiopiya isə 2025-ci ilin yayında bu təklifdən imtina edib. Ölkə qərarını milli aviaşirkətinin müstəqil fəaliyyət göstərməsi və ABŞ-nin mümkün ikinci dərəcəli sanksiyalarından narahatlıqla əsaslandırıb.
12:48 10.09.2026
Oxunuş sayı: 57