Mədəniyyət naziri: Aleksandr Şarovski və onun teatr məktəbi xalqımızın yaddaşında daim qalacaq
Aleksandr Şarovskinin teatr sənətinin inkişafında və təbliğində özünəməxsus mövqeyi olub. Onun, xüsusilə, Rus Dram Teatrının fəaliyyəti çərçivəsində teatr sənətinin təbliği istiqamətində göstərdiyi fədakarlıq hər zaman xatırlanacaq.
Crossmedia.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Aleksandr Şarovski ilə vida mərasimində deyib.
Nazir bildirib ki, Aleksandr Şarovskinin həm incəsənət xadimi, həm də ictimai xadim kimi fəaliyyəti hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Onun fəaliyyəti Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Aleksandr Şarovski Əməkdar artist və Xalq artisti fəxri adlarına, “Şöhrət” və “Şərəf” ordenlərinə, Prezidentin fəxri diplomuna və digər dövlət təltiflərinə layiq görülüb.
Adil Kərimli qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyeva da Aleksandr Şarovskinin fəaliyyətini hər zaman yüksək dəyərləndirib, onun yaradıcılığına və ictimai sahədə xidmətlərinə xüsusi diqqət göstərib.
Nazirin sözlərinə görə, Aleksandr Şarovski teatr və incəsənət sahəsindəki fəaliyyəti ilə yanaşı, Azərbaycanda qədim ənənələrə malik multikultural dəyərlərin inkişafına və zənginləşdirilməsinə də böyük töhfələr verib.
“Cəmiyyətimizin və xalqımızın yaddaşında Aleksandr Şarovski və onun yaratdığı teatr məktəbi, ictimai sahədə fəaliyyəti, Azərbaycan dövlətçiliyinə, mədəni dəyərlərimizin və mədəni irsimizin inkişafına, tolerantlıq ruhunun möhkəmlənməsinə verdiyi xidmətlər hər zaman anılacaq və yüksək qiymətləndiriləcək”, – deyə Adil Kərimli vurğulayıb.
O bildirib ki, Aleksandr Şarovskinin yetişdirdiyi tələbələr də onu hər zaman xüsusi minnətdarlıq və ehtiramla yad edəcəklər.
“Teatrımız, Azərbaycan incəsənəti və Azərbaycan mədəniyyəti öz dəyərli nümayəndəsini bu gün təəssüf və dərin kədər hissi ilə yola salsa da, onun dəst-xətti hər zaman yaddaşlarda yaşayacaq”, – deyə nazir qeyd edib.
Adil Kərimli Mədəniyyət Nazirliyi kollektivi adından Aleksandr Şarovskinin ailəsinə, yaxınlarına, teatr kollektivinə və onu sevən hər kəsə başsağlığı verib.
“Allah rəhmət eləsin!” – deyə nazir bildirib.
Nigar Xəlilli
15:04 09.09.2026
Oxunuş sayı: 51