Britaniyada nəhəng neft yatağı ilə bağlı qərar gözlənilir
Britaniya hökuməti Şimal Atlantik okeanında yerləşən “Rosebank” neft-qaz yatağının istismarı ilə bağlı qərar verməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
Şetland adalarından təxminən 130 kilometr məsafədə yerləşən yataqda 300–500 milyon barel neft ehtiyatının olduğu təxmin edilir. Layihənin istismara verilməsi hasilatın təxminən 25 il davam etməsinə imkan yarada bilər.
Layihənin tərəfdarları yatağın dövlət büdcəsinə vergi gəlirləri gətirəcəyini və enerji təchizatına töhfə verəcəyini bildirirlər. “Adura” şirkətinin rəhbəri Nil Makkallokun sözlərinə görə, qaz hasilatı pik həddə çatdıqda 500 min Britaniya evinin istilik ehtiyacını qarşılaya bilər.
Ekoloji təşkilatlar isə layihəyə qarşı çıxaraq hasil ediləcək yanacağın yandırılmasının iqlim dəyişikliyini sürətləndirəcəyini bildirirlər. “Uplift” təşkilatının rəhbəri Tessa Xan Britaniyanın gələcəyinin bərpaolunan enerji mənbələrində olduğunu vurğulayıb.
“Rosebank” layihəsinə 2023-cü ildə icazə verilsə də, 2025-ci ildə Edinburq məhkəməsi iqlim təsirlərinin lazımi qaydada nəzərə alınmadığı üçün əvvəlki təsdiqləri qanunsuz hesab edib.
“BBC”nin məlumatına görə, Britaniya hökumətinin layihə ilə bağlı yekun qərarını Milad bayramına qədər açıqlaması gözlənilir. Qərar ölkənin enerji təhlükəsizliyi və iqlim öhdəlikləri ilə bağlı müzakirələrin mərkəzindədir.
14:18 25.10.2026
Oxunuş sayı: 45