Mask: Starlink-in PUA əməliyyatlarında hücum məqsədli istifadəsinə heç vaxt icazə verilməyib
SpaceX-in baş icraçı direktoru Elon Mask, Ukrayna ordusunun Starlink-dən insanları öldürməyə yönəlmiş PUA əməliyyatlarında istifadə etdiyini və bunun xidmət şərtlərinin pozulması olduğunu bildirib. O, bu istifadəyə imkan verən boşluğun keçən həftə bağlandığını qeyd edib.
Crossmedia.az xəbər verir ki, Mask “X” platformunda paylaşdığı mesajda Starlink-in insansız hava aparatları (İHA) vasitəsilə insanları öldürmək məqsədilə hücum əməliyyatlarında istifadəsinə heç vaxt icazə verilmədiyini və verilməməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, Ukrayna ordusu Starlink-in istifadə şərtlərini pozaraq sistemi məhz bu cür hücum əməliyyatlarında tətbiq edib.
Mask Starlink-in Ukraynanın müdafiəsi üçün kritik əhəmiyyət daşıdığını da qeyd edib. Onun fikrincə, hazırda siqnalların qarışdırılması və ya fiziki hücumlarla sıradan çıxarıla bilməyən yeganə sistem Starlink-dir. “Starlink bağlanarsa, Ukraynanın cəbhə xətti dərhal çökər. Bu, təhdid deyil, sadəcə gerçəklikdir” deyən Mask, SpaceX-in Ukraynanın müdafiəsinə dünyadakı digər bütün özəl şirkətlərdən açıq-aydın daha çox töhfə verdiyini də əlavə edib.
Mask Starlink-dən fərqli olan Starshield sisteminin isə ABŞ hökumətinin nəzarətində olduğunu və bu sistemin necə istifadə olunacağına dair qərarın yalnız ABŞ hökumətinə aid olduğunu bildirib.
Daha əvvəl ABŞ mediasında Maskın Starlink-in Ukrayna ordusuna verdiyi internet xidmətinin yavaşladılması barədə göstəriş verdiyi iddia olunmuşdu. Ukrayna prezidenti Volodimir Zelenski isə Starlink-in ölkədə tam bağlanmadığını, lakin sürət məhdudiyyətləri səbəbindən bəzi hərbi və humanitar məqsədlərlə istifadənin məhdudlaşdırıldığını demişdi. Zelenski dün isə yavaşlayan internet xidmətinin “məhdudiyyətlərdən əvvəlki sürətə” qayıtdığını açıqlamışdı.
13:02 25.10.2026
Oxunuş sayı: 59