Futbol transferlərində tarixi rekord
FIFA 2026-cı il dünya çempionatından sonra futbol üzrə beynəlxalq transfer bazarında rekord göstəricilərin qeydə alındığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, FIFA bu barədə Beynəlxalq Transfer Hesabatında məlumat yayıb.
FIFA-nın məlumatına görə, 2026-cı il dünya çempionatında iştirak etmiş 47 milli komandanı təmsil edən 267 futbolçu yay transfer pəncərəsində klubunu dəyişib. Bu transferlərin ümumi dəyəri 3,3 milyard ABŞ dollarını ötüb.
Qadın futbolunda rekord
Qadın futbolunda da transfer bazarı üzrə yeni rekordlar qeydə alınıb. Hesabat dövründə 1 406 beynəlxalq transfer rəsmiləşdirilib. Bu, əvvəlki rekord göstəricidən 19,2 faiz çoxdur.
Qadın futbolunda transferlərə ümumilikdə 28,6 milyon ABŞ dolları xərclənib. Bu məbləğ 2025-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çoxdur.
İngiltərə klubları qadın futbolunda transferlərə ən çox vəsait xərcləyən tərəf olub. Onların xərcləri 8 milyon dollar təşkil edib. Siyahıda İspaniya 6,6 milyon, Almaniya 4,9 milyon, ABŞ 2,9 milyon və İtaliya 2,1 milyon dollarla yer alıb.
Transferlərdən ən çox gəlir əldə edən klublar isə İsveçdə olub. İsveç klubları futbolçu satışlarından 4,2 milyon dollar qazanıb. İngiltərə klubları 4 milyon, Fransa və Almaniya 3,6 milyon, Niderland klubları isə 2,9 milyon dollar gəlir əldə edib.
Kişi futbolunda da rekord
Kişi futbolunda beynəlxalq transferlərin ümumi dəyəri 9,89 milyard dolları keçib. FIFA bu göstəricinin tarixdə yay transfer pəncərəsi üzrə ən yüksək məbləğ olduğunu bildirib.
Hesabat dövründə dünyada 12 500-dən çox beynəlxalq transfer qeydə alınıb.
Transferlərə ən çox vəsait xərcləyən ölkə İngiltərə olub. İngiltərə klubları 3,02 milyard dollardan çox vəsait ödəyib. Sonrakı yerlərdə İtaliya 1,1 milyard, İspaniya 940 milyon, Almaniya 904 milyon və Fransa 641 milyon dollarla qərarlaşıb.
İngiltərə klubları həmçinin ən çox yeni futbolçu transfer edən komandalar olub. Bu göstəricidə İspaniya və Portuqaliya klubları da ön sıralarda yer alıb.
Futbolçu satışlarından ən çox gəlir əldə edən ölkə isə Fransa olub. Fransa klubları 1,7 milyard dollar transfer gəliri əldə edib. İngiltərə klublarının gəliri 1,43 milyard, Almaniyanın 1,02 milyard, İspaniyanın 773 milyon, Portuqaliyanın isə 642 milyon dollar təşkil edib.
FIFA qeyd edib ki, dünya çempionatında futbolçuların nümayiş etdirdiyi performanslar onların turnirdən sonra klub səviyyəsində yeni imkanlar əldə etməsinə təsir göstərib.
07:43 07.09.2026
Oxunuş sayı: 44