Ermənistan revanşist addımları dayandırmalıdır
Faktoloji baxımdan Ermənistan 2022-ci ildə Azərbaycanla qarşılıqlı ərazi bütövlüyünün tanınmasına razı olduğunu bəyan edib, 2025-ci ildə paraflanan sülh sazişi mətnində isə tərəflərin bir-birinə qarşı ərazi iddialarının olmadığı və gələcəkdə də belə iddialar irəli sürməyəcəyi təsbit olunub. Bu fonda İrəvanda özünü “Artsax Milli Məclisi” adlandıran strukturun fəaliyyətini davam etdirməsi və siyasi gündəmdə qalması Ermənistanın rəsmi sülh və ərazi bütövlüyünün qarşılıqlı tanınması mövqeyi ilə bağlı suallar doğurur. Belə təşəbbüslər separatçı ideyaların siyasi müstəvidə tam aradan qalxmadığını göstərən amil kimi qiymətləndirilə bilər.
Politoloq Aytən Qurbanova Crossmedia.az-a açıqlamasında bildirib ki, Ermənistanda keçirilən son seçkilər sülh gündəliyinin ölkə cəmiyyətində hələ mütləq və birmənalı şəkildə dominant ideoloji istiqamətə çevrilmədiyini göstərib:
“Ermənistanda keçirilən son seçkilər də göstərdi ki, sülh gündəliyinin dəstəklənməsi Ermənistan cəmiyyətində hələ mütləq və birmənalı şəkildə dominant ideoloji istiqamətə çevrilməyib. Ölkə daxilində revanşist və separatçı mövqeləri dəstəkləyən müəyyən qrupların mövcudluğu da bunu göstərən amillərdən biri kimi qiymətləndirilə bilər. Həmin qrupların seçki prosesində bu xətti təmsil edən şəxslərə və siyasi qüvvələrə dəstək verməsi onların mövqelərini nümayiş etdirdiyini göstərir. Bu da onu deməyə əsas verir ki, regionda baş verən proseslər, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sülh danışıqları və delimitasiya-demarkasiya prosesi Ermənistan daxilində, eləcə də bu prosesə müxtəlif səbəblərdən qarşı çıxan xarici qüvvələr arasında müəyyən narahatlıq doğurur. Sülh gündəliyinin ön plana çıxdığı, iki dövlət arasında normallaşma prosesinin irəlilədiyi bir mərhələdə belə təxribat xarakterli addımların və bəyanatların səsləndirilməsi regionda formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturasına qarşı çıxan qüvvələrin mövqeyi kimi qiymətləndirilə bilər”.

Politoloqun sözlərinə görə, Ermənistan daxilindəki müxtəlif siyasi yanaşmaların ölkənin rəsmi mövqeyi ilə nə dərəcədə üst-üstə düşməsi də ayrıca qiymətləndirilməlidir. O hesab edir ki, son dövrdə əldə olunan razılaşmalar Azərbaycan-Ermənistan sülh prosesində müəyyən irəliləyişin olduğunu göstərir:
“Eyni zamanda, bu yanaşmaların Ermənistan dövlətinin rəsmi mövqeyi ilə nə dərəcədə üst-üstə düşdüyü məsələsinə də diqqət yetirmək lazımdır. Ən azı Bişkekdə keçirilən son dövlət başçıları görüşü Ermənistan daxilindəki auditoriyaya və beynəlxalq ictimaiyyətə müəyyən mesajlar verdi. Avqustun 8-də əldə olunmuş razılaşma və 17 bənddən ibarət sülh sazişi mətninin paraflanması Azərbaycan və Ermənistanın sülh prosesində müəyyən məsafə qət etdiyini göstərir. Hər iki tərəfin əldə olunmuş razılaşmaların davam etdirilməsi və üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində siyasi iradə nümayiş etdirməsi də prosesin müsbət istiqamətdə inkişaf etdiyini göstərən amillərdəndir”.
A.Qurbanova Ermənistanın siyasi rəhbərliyinin bundan sonrakı mərhələdə nümayiş etdirəcəyi mövqenin də prosesin gələcəyi baxımından əhəmiyyətli olduğunu vurğulayıb:
“Ermənistanın hazırkı siyasi rəhbərliyi bundan sonrakı mərhələdə də bu siyasi iradəni və ardıcıllığı qoruyarsa, ölkə daxilində revanşist mövqelərin və separatçı çağırışların təsirinin zəiflədilməsi istiqamətində daha real nəticələrin əldə olunmasını müşahidə etmək mümkündür. Bununla yanaşı, belə proseslərin tamamilə aradan qalxması yalnız siyasi iradədən deyil, həm də Ermənistan cəmiyyətində sülh gündəliyinin nə dərəcədə davamlı şəkildə qəbul edilməsindən asılı olacaq”.
Nigar Xəlilli
17:45 03.09.2026
Oxunuş sayı: 42