Niderland qızıl ehtiyatlarını ABŞ-dan Londona köçürdü
Niderland Mərkəzi Bankı ölkənin ABŞ və Kanadada saxlanılan qızıl ehtiyatlarının bir hissəsini Londona köçürüb.
Crossmedia.az xəbər verir ki, “The Guardian” bu barədə məlumat yayıb.
Bankın məlumatına görə, ümumilikdə Şimali Amerikadan təxminən 86 ton qızıl çıxarılıb. Bu, əvvəllər ABŞ və Kanadada saxlanılan Niderland qızıl ehtiyatlarının təxminən dörddə birinə bərabərdir.
Köçürmədən sonra Niderlandın qızıl ehtiyatlarının 32 faizindən bir qədər çoxu Londonda, 31 faizə yaxını ölkə daxilində, 18,5 faizi isə Nyu-Yorkda və eyni nisbətdə Ottavada saxlanılır. Nyu-Yorkda saxlanılan ehtiyatların payı əvvəllər 31,3 faiz təşkil edirdi.
Niderland Mərkəzi Bankı qızılın yenidən bölüşdürülməsini geosiyasi qeyri-sabitliyin artması fonunda risklərin şaxələndirilməsi və mümkün böhranlara hazırlığın gücləndirilməsi ilə izah edib.
Bank qeyd edib ki, Londonda, İngiltərə Bankında saxlanılan qızıl böhran vəziyyətində daha asan və sürətli şəkildə satıla bilər.
17:09 03.09.2026
Oxunuş sayı: 40