Rusiya Ermənistana ciddi şəkildə qadağalar qoyacaq
Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı planları Moskvanın da diqqət mərkəzindədir. Rusiya Prezidenti Vladimir Putinin Baş nazir Nikol Paşinyana bu məsələ ilə bağlı daha tez qərar verməsi çağırışı regionda yeni müzakirələrə səbəb olub.
Bəs Ermənistanın Aİ-yə inteqrasiya kursu Rusiya ilə münasibətlərinə necə təsir göstərəcək? İrəvan hansı seçim qarşısında qala bilər?
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az-a açıqlamasında bildirib ki, Rusiya ilə Ermənistan arasında əlaqələr demək olar ki, gərginlik müstəvisinə keçib:
“Rusiya ilə Ermənistan arasında əlaqələr demək olar ki, gərginlik müstəvisinə keçib. Ermənistan Avropa İttifaqına inteqrasiya siyasəti götürüb. 2026–2031-ci illər üçün hökumətin proqramında məhz bu təsbit olunub. Təbii ki, Rusiya Prezidenti ilə Paşinyan arasında Bişkekdə keçirilən görüşdə də bu məsələlər müzakirə olundu və Paşinyan Moskvaya bu barədə danışıqlar aparmağa dəvət edildi. Hesab edirəm ki, Paşinyan Rusiya ilə uzaqlaşma siyasəti həyata keçirəcək. Onun Bişkekdə verdiyi açıqlamada da aydın oldu ki, Ermənistan Avropa İttifaqı ilə inteqrasiyaya, həmçinin çoxşaxəli siyasət həyata keçirməyə çalışır və təkcə Rusiya ilə strateji müttəfiqliyə getmək istəmir. Yəni biz hökumətin proqramında da gördük ki, Rusiya ilə strateji müttəfiqlik qeyd edilməyib, Avropa İttifaqı ilə strateji əlaqələrə önəm verilib”.

M.Əsədullazadə qeyd edib ki, Ermənistanın bu siyasəti Rusiya-Ermənistan əlaqələrinə zərbə vuracaq:
“Təbii ki, bu siyasət Rusiya-Ermənistan əlaqələrinə zərbə vuracaq. Rusiya Ermənistana ciddi şəkildə qadağalar qoyacaq, xüsusilə gömrük güzəştlərini də ləğv edəcək. Yəni proses bundan ibarətdir. İrəvan və Moskva arasında böhran getdikcə davam edəcək”.
Zərnigar Hüseynli
13:00 03.09.2026
Oxunuş sayı: 46