Fransaya demək istəyirəm ki, Parisdəki sərgi Azərbaycana qarşı siyasi kampaniyadır - Deputat
Parisdə Azərbaycanda məhkum edilmiş ermənilərə həsr olunan sərginin keçirilməsi yenidən müzakirələrə səbəb olub. Azərbaycanın ərazisində ağır cinayətlər törətməkdə ittiham olunan və məhkəmə qərarları əsasında cəzalandırılan şəxslərin Fransada ictimai və siyasi tədbirlər çərçivəsində təqdim edilməsi Bakının məhkəmə-hüquq sisteminə münasibət məsələsini yenidən gündəmə gətirib. Məsələ Azərbaycanla Fransa arasında son dövrlərdə müşahidə olunan siyasi gərginlik fonunda xüsusi diqqət çəkir. Azərbaycan 30 ilə yaxın işğal şəraitində qalan ərazilərində törədilmiş cinayətlərə hüquqi qiymət verilməsi prosesini həyata keçirir. Bu baxımdan, məhkəmə qarşısında cavab vermiş şəxslərin xarici ölkələrdə siyasi kampaniyaların və ictimai tədbirlərin mərkəzinə çevrilməsi müxtəlif suallar doğurur. Eyni zamanda, Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin davam etdiyi bir dövrdə bu cür addımlar regionda formalaşan yeni siyasi reallıqlara münasibət baxımından da diqqət çəkir.
Milli Məclisin deputatı Azər Badamov Crossmedia.az-a açıqlamasında bildirib ki, burada ən ciddi məqam söhbətin Azərbaycanda ağır cinayətlər törətmiş və məhkəmə qarşısında dayanmış şəxslərdən getməsidir.
“Onların əməllərinə Azərbaycan məhkəmələri tərəfindən hüquqi qiymət verilib və həmin şəxslər törətdikləri cinayətlərə görə cəzalandırılıblar. Buna görə də bu şəxslərin Fransada siyasi və ya ictimai tədbirlərin predmeti kimi təqdim olunması, əslində, onların törətdikləri əməllərin mahiyyətini kölgədə qoymağa xidmət edir. Unutmamalıyıq ki, Azərbaycan əraziləri təxminən 30 il işğal altında qalıb. Bu müddət ərzində şəhər və kəndlərimiz dağıdılıb, tarixi-mədəni irsimizə ciddi ziyan vurulub, dinc əhaliyə qarşı ağır cinayətlər törədilib və yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıb. Azərbaycan bütün bu illər ərzində beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara istinad edib. Təəssüf ki, həmin qərarların icrası təmin olunmadı. Nəticədə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini özü bərpa etdi".

Deputat qeyd edib ki, bu gün Azərbaycan müstəqil və suveren dövlətdir: "Öz ərazisində törədilmiş cinayətlərə hüquqi qiymət vermək Azərbaycanın suveren hüququdur. Buna görə də kənardan Azərbaycan məhkəmələrinin qərarlarına siyasi təzyiq göstərmək cəhdləri qəbuledilməzdir. Hesab edirəm ki, Fransanın bu mövqeyinin arxasında erməni lobbisinin təsirini də görmək mümkündür. Təəssüf ki, Fransanın bəzi siyasi dairələri regionda yaranmış yeni reallıqları qəbul etmək əvəzinə hələ də keçmiş münaqişə gündəliyindən çıxış edirlər. Amma reallıq artıq başqadır. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülhün təmin olunması, kommunikasiyaların açılması və regional əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində yeni mərhələ başlayıb. Ermənistan özü də müəyyən məsələlərdə bu yeni reallıqları qəbul edir. Belə bir şəraitdə Fransanın köhnə yanaşmaları davam etdirməsi heç bir nəticə verməyəcək. Fransaya demək istəyirəm ki, Cənubi Qafqazda yeni geosiyasi reallıq yaranıb və bu reallığın mərkəzində suveren Azərbaycan dayanır. Əgər Fransa regionda nüfuzunu qorumaq və proseslərə təsir etmək istəyirsə, Azərbaycanla qarşıdurma siyasətindən əl çəkməli, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməli və əməkdaşlıq yolunu seçməlidir. Bu gün Azərbaycanın mövqeyi çox aydındır: biz sülhə və əməkdaşlığa hazırıq, lakin öz suverenliyimiz və hüquqlarımız məsələsində heç bir güzəştə getməyəcəyik. Ona görə də Parisdə keçirilən bu sərgini Azərbaycan əleyhinə siyasi kampaniyanın növbəti elementi kimi qiymətləndirirəm. Fransa nə qədər tez yeni reallıqları qəbul etsə, ilk növbədə özü üçün bir o qədər faydalı olar”.
Zeynəb Həsən
14:50 02.09.2026
Oxunuş sayı: 158