Meyvə yığarkən 6000 manat cərimə edilə bilərsiniz
Meşələrdə yabanı giləmeyvə və digər meşə məhsullarının toplanması ilə bağlı qaydalar məhsulun toplandığı ərazinin statusundan və həmin ərazidə qüvvədə olan tələblərdən asılıdır. Qanunvericilik müəyyən meşə fondu sahələrində yabanı bitkilərin yığılmasını qadağan edir, bəzi ərazilərdə isə bunun üçün meşə bileti tələb olunur. Belə sahələrdə icazəsiz toplama inzibati məsuliyyət yarada bilər və İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə fiziki şəxslər üçün 400 manatdan 500 manatadək, hüquqi şəxslər üçün isə 5000 manatdan 6500 manatadək cərimə nəzərdə tutulur. Bununla yanaşı, meşə məhsullarına görə zərərin hesablanmasına dair əvvəlki qaydaların bir hissəsi 2019-cu ildə ləğv edildiyindən, vətəndaşların hansı hallarda və hansı əsasla məsuliyyətə cəlb edilə biləcəyi məsələsi aktuallığını qoruyur.
Hüquqşünas Cavad Ağayev Crossmedia.az-a açıqlamasında bildirib ki, meşə fondu sahələrində yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və digər məhsulların yığılması ilə bağlı tətbiq olunan cərimələr yalnız qanunvericiliklə müəyyən edilmiş xüsusi hallara şamil olunur:
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinə əsasən, meşə fondu sahələrində yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və digər məhsulların qadağan edilmiş və ya yalnız meşə bileti ilə yığılmasına icazə verilən ərazilərdə özbaşına toplanmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 6500 manatadək cərimə edilə bilər. Bu maddəyə əsasən, cərimə yalnız yığımın qadağan edildiyi və ya yalnız meşə bileti tələb olunduğu sahələrdə özbaşına yığım aparıldıqda tətbiq edilə bilər. Bu, bütün yabanı meyvələrin yığılmasının qadağan edilməsi demək deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi məlumatına görə, meşə mühafizə işçilərini məlumatlandırmaqla müəyyən edilmiş meşə sahələrində cır meyvə və dərman bitkiləri toplamaq mümkündür və bunun üçün ödəniş tələb olunmur. Yəni əsas məsələ harada və hansı qaydada yığım aparılmasıdır”.
Hüquqşünasın sözlərinə görə, vətəndaş cərimə tətbiq edilərkən yığımın aparıldığı konkret ərazidə bunun qadağan olunduğunu təsdiqləyən hüquqi əsasların təqdim edilməsini tələb edə bilər:
“Cərimə yazan rəsmi şəxsdən həmin konkret ərazinin qadağan olunmuş zona, qoruq, milli park və ya digər xüsusi rejimli ərazi olmasını sübut edən xəritə və ya hüquqi sənədi təqdim etməsini istəmək olar. Əgər şəxsi ehtiyacınız üçün az miqdarda yığım etmisinizsə və təbiətə heç bir ziyan vurmamısınızsa, protokolun “izahat” hissəsinə “Məhsulu şəxsi istehlakım üçün toplamışam, ağac və kollara zərər vurmamışam, cərimə ilə razı deyiləm” kimi qeyd əlavə edə bilərsiniz. Hüquqi mübahisənin əsas sualı çox vaxt “giləmeyvə yığmısanmı?” yox, “yığdığın konkret sahədə bu fəaliyyət qadağan edilmişdimi və ya meşə bileti tələb olunurdumu?” olacaq. Burada xüsusilə Meşə Məcəlləsinin 50-ci maddəsi əhəmiyyətlidir. Məcəllə fiziki şəxslərin şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, göbələk və digər meşə sərvətlərini toplamaq hüququnu tanıyır. Lakin qoruq meşələrində, milli parklarda və xüsusi mühafizə olunan ərazilərdə bu hüquq xüsusi rejimlə məhdudlaşdırıla və ya qadağan edilə bilər. Ona görə vətəndaşdan cərimə tətbiq edilərkən “ərazinin xüsusi rejimi”nin hansı sənədlə müəyyən edildiyi soruşula bilər”.
C.Ağayev qeyd edib ki, vətəndaş belə hallarda ərazinin hüquqi statusunu və tətbiq edilən cərimənin əsaslarını təsdiqləyən sənədlərlə tanış olmağa çalışmalıdır:
“Praktik olaraq aşağıdakı sənədləri tələb etmək məqsədəuyğundur: həmin meşə sahəsinin plan-xəritəsi və sərhədləri, ərazinin hansı kateqoriyaya aid olduğunu göstərən sənəd, yığımın qadağan edilməsi barədə əmr, qərar və ya digər normativ/inzibati akt, varsa, həmin ərazi üzrə meşə quruluşu sənədləri, meşə bileti tələbini əsaslandıran sənəd, cərimənin tətbiq edildiyi İXM maddəsinin konkret hissəsi, zərər hesablanıbsa, onun hesablanmasının əsası və tətbiq edilən taksalar və ya metodika. Meşə Məcəlləsinə görə meşə fondu sahələrinin sərhədləri naturada meşə təsərrüfatı işarələri ilə və plan-xəritə materiallarında göstərilməlidir. Meşə bileti məsələsi də qarışdırılmamalıdır. Meşə bileti əlavə meşə istifadələri, o cümlədən yabanı meyvə, göbələk, giləmeyvə və digər məhsulların tədarükü və yığılması üçün hüquq verən sənəd kimi müəyyən edilir. Amma bu, hər bir vətəndaşın meşədə şəxsi istifadəsi üçün bir giləmeyvə toplamasının avtomatik olaraq meşə bileti tələb etməsi demək deyil. Meşə Məcəlləsinin fiziki şəxslər üçün verdiyi şəxsi istifadə hüququ və konkret sahəyə tətbiq olunan xüsusi rejim birlikdə qiymətləndirilməlidir. Vətəndaş qərarın hüquqi əsaslandırılmasını yoxlamalı və qərardan şikayət edə bilər. İXM-in 126.1-ci maddəsinə görə inzibati xəta haqqında qərardan yuxarı səlahiyyətli orqana və ya məhkəməyə 20 gün müddətində şikayət vermək mümkündür”.
Nigar Xəlilli
17:15 03.09.2026
Oxunuş sayı: 42