Trampın hansı psixoloji problemləri var? - Açıqlandı
ABŞ prezidenti Donald Tramp açıqlamalarının birində qeyd edib ki, Hörmüz boğazına “Tramp boğazı” adını vermək istəyir. Tramp Cənubi Qafqazdakı dəhlizə də öz adını verdi. Bu hansısa psixoloji problemin göstəricisi ola bilərmi? Ya insanın özünü bu qədər çox sevməsi normal haldır?
Məsələ ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Crossmedia.az-a açıqlamasında bildirib ki, insanın öz adını, fəaliyyətini və nailiyyətlərini görünən etmək istəyi hər zaman psixoloji problem və ya narsisizm demək deyil:
“Bu davranış tanınmaq, qəbul olunmaq, təsir gücünü göstərmək, özündən sonra iz qoymaq və simvolik şəkildə yaşamağa davam etmək ehtiyacı ilə əlaqəli ola bilər. Adın gələcək nəsillərə ötürülməsi və yaddaşda saxlanılması bir çox xalqların, o cümlədən Azərbaycan cəmiyyətinin mədəni ənənələrində də mövcuddur. Ailələrdə babanın və ya nənənin adının nəvəyə verilməsi buna nümunədir. Bəzən valideynlər də öz adlarının övladlarına və ya nəvələrinə verilməsini istəyirlər. Burada məqsəd əksər hallarda özünü başqalarından üstün göstərmək deyil, ailə bağlarını, nəsil yaddaşını və mənəvi davamlılığı qorumaqdır. İnsan bununla adının və xatirəsinin gələcək nəsillərdə yaşamasını arzulayır. Əslində, miqyasından asılı olmayaraq, insanların böyük bir qismində özündən sonra müəyyən iz qoymaq və unudulmamaq ehtiyacı var. Kimsə bunu övladına və ya nəvəsinə öz adını verməklə, başqası yaratdığı əsərlə, gördüyü işlə, qurduğu təşkilatla və ya həyata keçirdiyi layihə ilə ifadə edir. İctimai və siyasi gücə malik şəxslərdə isə bu istək daha geniş miqyasda — adın binalara, coğrafi məkanlara, layihələrə və ya qurumlara verilməsi formasında ortaya çıxa bilər. Psixoloji mahiyyət etibarilə bunların ortaq tərəfi insanın öz varlığını davamlı etmək və yaddaşda qalmaq arzusudur. Buna görə də hər hansı məkana və ya layihəyə insanın öz adının verilməsini istəməsini avtomatik şəkildə narsisizm kimi qiymətləndirmək doğru olmaz. Burada əsas məsələ davranışın miqyasından daha çox, onun arxasında dayanan motiv və həyata keçirilmə formasıdır”.

Psixoloq qeyd edib ki, əgər məqsəd nəsil yaddaşını qorumaq, görülmüş işin mənəvi davamlılığını təmin etmək və cəmiyyətə müəyyən irs buraxmaqdırsa, bu, insanın təbii yaddaşda qalmaq ehtiyacının ifadəsi ola bilər: “Lakin bu istək davamlı şəkildə özünü hamıdan üstün göstərmək, bütün uğurları yalnız öz adı ilə bağlamaq, başqalarının xidmətlərini kölgədə qoymaq, daimi heyranlıq tələb etmək və tənqidə dözümsüzlük kimi xüsusiyyətlərlə müşayiət olunursa, narsistik meyillərdən danışmaq mümkündür. Yenə də ayrı-ayrı davranışlar əsasında hər hansı şəxsə klinik diaqnoz qoymaq olmaz. Belə bir qənaət yalnız həmin xüsusiyyətlərin uzunmüddətli, davamlı və müxtəlif münasibətlərdə necə təzahür etdiyinin peşəkar qiymətləndirilməsi əsasında verilə bilər”.
Zeynəb Həsən
16:30 03.09.2026
Oxunuş sayı: 46