Trampın Kanada PLANI üzə çıxdı
ABŞ və Kanada arasında ticarət münasibətlərində gərginlik yenidən kəskinləşib. Donald Tramp Kanadanı ABŞ üçün “ən mürəkkəb və məntiqsiz” tərəfdaş adlandıraraq, ölkənin ABŞ fermerlərinə bəzi məhsullar üzrə 400 faizə çatan tariflər tətbiq etdiyini iddia edib. Bu açıqlamalar iki ölkə arasında ticarət danışıqlarının nəticəsiz qalması və qarşılıqlı tariflərin tətbiqi fonunda səslənib. Hazırkı vəziyyət Vaşinqton və Ottava arasında iqtisadi fikir ayrılıqlarının siyasi ritorikanı da sərtləşdirdiyini göstərir.
Siyasi şərhçi Aydın Tağıyev Crossmedia.az-a açıqlamasında Trampın mövqeyinin səbəblərini və bunun ABŞ-Kanada münasibətlərinə mümkün təsirlərini şərh edib.
“Trampın ritorikasının əsas motivi ABŞ-nin iqtisadi maraqlarını ön plana çıxarmaqdır. O, Kanadanı "çətin tərəfdaş" adlandırmaqla Vaşinqtonun ticarət balansında yaranan gərginliyi ictimaiyyətə açıq şəkildə göstərir. Bu, daxili auditoriyaya ‘Amerikanın maraqları hər şeydən üstündür’ mesajını vermək məqsədi daşıyır. Kanadaya qarşı sərt ifadələr Trampın ümumi siyasi üslubunun da davamıdır. Tramp diplomatik yumşaqlıqdan çox, sərt və populist ritorika ilə öz mövqeyini gücləndirməyə çalışır. Bu, həm daxili seçici bazasına, həm də beynəlxalq tərəfdaşlara "güclü lider" obrazı təqdim etmək üçün istifadə olunur. Bununla yanaşı, ABŞ və Kanada arasında uzun illərdir strateji əməkdaşlıq mövcuddur və sərt ritorika iki ölkə arasında münasibətlərdə gərginlik yaradaraq ticarət danışıqlarını çətinləşdirə, NATO və digər beynəlxalq platformalarda koordinasiyaya təsir göstərə bilər”.

A.Tağıyev hesab edir ki, Trampın Kanada siyasəti həm iqtisadi maraqların müdafiəsi, həm də daxili siyasi strategiya baxımından qiymətləndirilməlidir: “Trampın Kanadaya qarşı sərt ritorikası həm iqtisadi maraqların müdafiəsi, həm də populist siyasi strategiyanın bir hissəsidir. Bu ritorika ABŞ-Kanada münasibətlərində gərginlik yaratsa da, Tramp üçün daxili auditoriyada güclü lider imici formalaşdırmaq baxımından faydalıdır. Belə fikirlərin səsləndirilməsi onun gələcək seçkilərdəki siyasi imicinə də üstünlük qazandırmaq məqsədi daşıyır”.
Nigar Xəlilli
11:30 27.08.2026
Oxunuş sayı: 55