Neftdən sonra su: XXI əsrin yeni geosiyasi resursu
İqlim dəyişiklikləri, quraqlıq və əhali artımı dünyada su ehtiyatlarına olan təzyiqi artırır. Bu amillər suyu yalnız ekoloji məsələ deyil, həm də ölkələrin iqtisadi və geosiyasi maraqlarına təsir edən strateji resursa çevirir.
Crossmedia.az “Forbes Türkiye”də yayımlanan məlumata istinadən xəbər verir ki, dünyada milyardlarla insan su qıtlığı ilə üzləşir.
Qlobal su istifadəsinin təxminən 70 faizi kənd təsərrüfatının payına düşür. Əhali artdıqca və iqlim dəyişiklikləri dərinləşdikcə suya tələbatın daha da artacağı gözlənilir. Bildirilib ki, Fərat-Dəclə, Nil və İndus kimi transsərhəd çay hövzələri su ehtiyatlarının bölüşdürülməsi baxımından xüsusi strateji əhəmiyyət daşıyır. Bu çayların bir neçə ölkənin ərazisindən keçməsi su ehtiyatlarının idarə olunmasını regional münasibətlərdə mühüm məsələyə çevirir. İqlim dəyişiklikləri və yağıntıların azalması bəzi bölgələrdə su qıtlığını daha da dərinləşdirə bilər. Bu isə kənd təsərrüfatına, ərzaq istehsalına və enerji təminatına təsir göstərməklə yanaşı, miqrasiya və sosial problemləri də artıra bilər.
Su qıtlığının yalnız ekoloji problem olmadığı vurğulanır. Suya çıxış, su ehtiyatlarının idarə olunması və transsərhəd çayların istifadəsi gələcəkdə dövlətlər arasında əməkdaşlıqla yanaşı, geosiyasi gərginliklərin də əsas səbəblərindən birinə çevrilə bilər.
Gələcəkdə su ehtiyatlarına nəzarətin dövlətlərin xarici siyasətində və regional strategiyalarında daha mühüm rol oynayacağı gözlənilir. Bu baxımdan suyun XXI əsrin ən mühüm strateji resurslarından birinə çevrilməsi ehtimal olunur.
11:24 28.08.2026
Oxunuş sayı: 48