Eyni məhsul nə üçün fərqli qiymətlərə satılır?
Eyni məhsulun müxtəlif market və mağazalarda fərqli qiymətə təklif olunması istehlakçılar arasında tez-tez müzakirə edilən məsələlərdəndir. Bəzən alıcılar eyni məhsul üçün bir mağazada daha yüksək, digərində isə daha aşağı qiymət ödəməli olurlar. Bu fərqin səbəbləri isə yalnız satıcının qiymət siyasəti ilə məhdudlaşmır. Məhsulun satıldığı məkan, mağazanın xərcləri, məhsulun keyfiyyəti və bazardakı rəqabət də qiymətlərin formalaşmasına təsir göstərir. Xüsusilə azad bazar şəraitində eyni məhsulun bütün satış nöqtələrində eyni qiymətə olması məcburi deyil. Tələb və təklifin dəyişməsi də mağazaların qiymət siyasətində müəyyən fərqlər yarada bilər. İstehlakçının seçim imkanının geniş olması isə satıcılar arasında rəqabəti artırır. Alıcıların daha münasib qiymətə olan tələbi mağazaları qiymətlərini yenidən nəzərdən keçirməyə vadar edə bilər.
Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli Crossmedia.az-a açıqlamasında bildirib ki, məhsulların bütün marketlərdə eyni qiymətə satılmalı olması ilə bağlı düşüncə doğru deyil:
“Ümumiyyətlə, hər hansı məhsulun bütün marketlərdə eyni qiymətə və ya bütün məkanlarda eyni qiymətə olması düşüncəsi yanlışdır. Çünki bu, azad rəqabət sistemidir və qiymətlər tələb-təklif əsasında və digər faktorların təsiri əsasında formalaşır.

Mümkündür ki, bəzi məhsullar ayrı-ayrı qiymətlərə satılsın və bunu daha çox aktual edən, formalaşdıran rəqabətdir. Ola bilər ki, bəzi mağazalar, məsələn, şəhərin mərkəzində daha keyfiyyətli məhsullar satışa çıxarsın, eyni məhsulun daha keyfiyyətli növünü və ya daha başqa formada təqdim etsin. Hesab edirəm ki, burada əsas tənzimləyici amil tələb və təklifin balanslaşmasıdır.
Əgər insanlar eyni məhsulu daha ucuz yerdən almaq istəsələr, əlbəttə ki, qiymətlər ucuzlaşacaq. Və ya baha olan məhsullar insanları qane edəcəksə, insanlar həmin məkandan ticarət edəcəklər.
Bu baxımdan, əlbəttə ki, bu, təbii bir haldır və insanlar öz büdcələrinə uyğun məhsulları və ya hər hansı alış-verişi həyata keçirmək üçün özləri qərar verirlər”.
Zeynəb Həsən
12:30 28.08.2026
Oxunuş sayı: 51