Onlar bizimlə heç vaxt dost olmayacaqlar: Ballıqaya qətliamından 34 il ötür
1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində mülki əhalinin müvəqqəti məskunlaşdığı əraziyə silahlı hücum nəticəsində 24 nəfər öldürülüb, 9 nəfər yaralanıb. Qətlə yetirilənlər arasında 13 qadın, 11 kişi, 18 yaşadək 7 uşaq və 60 yaşdan yuxarı 4 nəfər olub, ən kiçik qurbanın cəmi 6 aylıq körpə olduğu bildirilir.
Ballıqaya qətliamından 34 il ötür. Birinci Qarabağ müharibəsi zamanı baş verən faciə Laçın rayonundan didərgin düşərək Goranboyda məskunlaşan mülki insanların həyatına son qoymaqla yanaşı, aralarında uşaqların və ahıl şəxslərin də olduğu 24 ailəni ağır itki ilə üz-üzə qoyub. Faciə ilə bağlı faktların araşdırılması və qurbanların xatirəsinin yaşadılması bu hadisənin tarixi yaddaşda qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Crossmedia.az-a açıqlama verən tarixçi alim Akif Nağı bildirib ki, həmin ərazidə ermənilərin vəhşiliklərindən qaçaraq sığınacaq tapan müdafiəsiz insanlar hücuma məruz qalıblar: “Bu ermənilərin törətdiyi ən dəhşətli faciələrdən biri idi. İnsanlar orada dinc əhali olaraq ermənilərin vəhşiliklərindən qaçaraq bir sığınacaq yeri tapmışdılar, ağaclıq ərazidə özlərinə kiçik yaşayış yeri düzəltmişdilər. Orada onların üstünə gəldilər. Müdafiəsiz insanlardı, silahları yox idi. Ermənilərin ən ağır cinayətlərindən biri də o dinc, sakit, əsasən yaşlı insanlar, uşaqlar və qadınlara qarşı törətdikləri böyük vəhşilik idi. Mən hesab edirəm ki, bunların hamısını dünya bilməlidir, bəşəriyyət bilməlidir. Onların bu vəhşiliklərini hələ də dünya yaxından tanımaq istəmir, çox təəssüf ki. Hələ də onların bütün bu cinayətlərinin üstündən keçirlər”.

A.Nağı qeyd edib ki, faciələrə görə məsuliyyət daşıyan şəxslərin də hüquqi qiymət alması vacibdir: “Bu gün Ermənistanda Xaçaturyanın üzərində məhkəmə qururlar, Sarkisyan da gələcəkdir. Onlar hamısı cinayətlərə görə birbaşa məsuliyyət daşıyırlar. Eyni zamanda Levon Ter-Petrosyan da məsuliyyət daşıyır. O cinayətlərin içərisində olublar onların hamısı, o əmri verən onlar idi. Vəstəkərə də əmr verən onlar idi ki, gedin orada dinc əhali qarşınıza çıxdı, öldürün, məhv eləyin. Bu vəhşilikləri onlar törədiblərsə, münasibətlərimizdə biz nəzərə almalıyıq bunların hamısını. Bu gün Paşinyan haradasa özünü demokrat kimi göstərir. Əslində demokrat deyil, bu, erməni hiyləgərliyidir. Vəziyyətdən çıxmaq üçün, müvəqqəti bu dövrü keçirmək üçün özlərini bu şəkildə göstərirlər”.
Tarixçi alim vurğulayıb ki, Azərbaycan cəmiyyətinin keçmişdə baş verən faciələri unutmaması və gələcək nəsillərə çatdırması mühüm əhəmiyyət daşıyır: “Onlar azərbaycanlılara qarşı, türklərə qarşı yağı düşmənlərdir və heç vaxt da onlar bizimlə dost olmayacaqlar. Bunu biz nəzərdə saxlamalıyıq və həmişə də gözümüzün qabağına gətirməliyik Xocalını da, Qaradağlını da, Ballıqaya faciəsini də, Ağdaban faciəsini də. Bunların hamısını biz nəzərimizdə, gözümüzün qarşısında saxlamalıyıq. Bütün nəsil, gələcək nəsillər, cavanlar, gənclər hamısı bunu bilməlidirlər”.
Nigar Xəlilli
12:15 28.08.2026
Oxunuş sayı: 53