Səhər saatlarında M1 avtobuslarında problem: SƏBƏB BU İMİŞ - YENİLƏNİB
Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında M1 nömrəli avtobusda kart sistemi işləmədiyindən problem yaranmışdı.
Crossmedia.az-ın sorğusuna cavab olaraq "Bakıkart"ın mətbuat xidmətindən bildirilib ki, ödəniş sistemində gündəlik həyata keçirilən yenilənmə prosesi zamanı M1 marşrut xəttinin 3 avtobusunda bank kartları ilə təmassız ödənişlərdə (NFC) müvəqqəti gecikmələr yaranıb:
"Məsələ operativ şəkildə aradan qaldırılıb. Hazırda NFC ödəniş sistemi normal rejimdə fəaliyyət göstərir.
Qeyd edək ki, həmin müddətdə BakıKart və QR-kod vasitəsilə ödənişlər normal qaydada həyata keçirilib və bu ödəniş vasitələrində hər hansı çətinlik qeydə alınmayıb".
09:00
Metronun “28 May” stansiyası yaxınlığında “Elmlər Akademiyası” stansiyası istiqamətində hərəkət edən M1 nömrəli marşrut avtobuslarında problem yaranıb.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, hadisə saat 08:30 radələrində qeydə alınıb.
Belə ki, bir neçə M1 nömrəli avtobusda kart sistemi işləmədiyindən sərnişinlər gediş haqqını ödəyə bilməyiblər. Nəticədə dayanacaqda sıxlıq yaranıb, sərnişinlərin bir qismi işə gecikib.
Problemin səhər saatlarında, sərnişin sıxlığının ən yüksək olduğu vaxtda baş verməsi vəziyyəti daha da çətinləşdirib. M1 marşrutundan istifadə edənlərin sayının çox olması səbəbindən dayanacaqda ciddi narazılıq yaranıb.
Sərnişinlər arasında “İşləmirsə, qəpiklə ödəniş edək”, “Pulsuz gedək” kimi təkliflər səsləndirilib.
Sərnişinlərin “Kart sistemi işləmirsə, avtobuslar niyə xəttə buraxılıb?” sualına isə avtobus sürücüləri cavab verməyib.
Məhəbbət Tərlanoğlu
12:12 28.08.2026
Oxunuş sayı: 360