Etiraz: Restoranlarda mahnılarımızın Sİ ilə hazırlanmış versiyalarının səsləndirilməsi qəbuledilməzdir
Süni intellekt mədəniyyət və incəsənətin istehsal prosesinə getdikcə daha çox daxil olur. Artıq musiqidə melodiyaların və vokal nümunələrinin yaradılmasından tutmuş filmlərdə fonların, vizual effektlərin və hətta sintetik aktyorların hazırlanmasına qədər müxtəlif mərhələlərdə istifadə edilir. 2026-cı ildə aparılan araşdırmalar da generativ süni intellektin musiqi istehsalı, yayımı və müəllif hüquqları sahəsində ciddi dəyişikliklər yaratdığını göstərir.
Bu proses sənət istehsalını sürətləndirsə də, müəlliflik hüquqları və insan yaradıcılığının qorunması ilə bağlı mübahisələri də artırır. Məsələn, 2026-cı ildə Almaniyada məhkəmə Suno-nun müəllif hüquqları ilə qorunan mahnılardan AI təlimində lisenziyasız istifadə etdiyinə dair qərar çıxarıb, ABŞ-də isə musiqi şirkətləri AI sistemlərinin mahnı sözlərindən istifadəsi ilə bağlı məhkəmə iddiaları qaldırıblar.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən mədəniyyət yazarı Nihat Pir hesab edir ki, süni intellektdən mədəni materialların hazırlanmasında geniş istifadə yaradıcılığın təbiiliyini və insan faktorunu zəiflədə bilər:
“Süni intellekt artıq qaçılmaz reallıqdır. Lakin hazırda onun toxunuşunu hiss etdiyim heç bir mədəni materialı qəbul edə bilmirəm. Oxuduğum mətndə süni intellekt müdaxiləsini çox asanlıqla müəyyənləşdirirəm və belə mətnləri oxumuram.
Bu gün restoranların əksəriyyətində bəstəkar mahnılarımızın və xalq mahnılarımızın süni intellekt vasitəsilə hazırlanmış versiyalarının səsləndirilməsi də qəbuledilməzdir. Belə bir ehtiyacın niyə yarandığını başa düşmürəm və bacardıqca buna etiraz edirəm”.
Mədəniyyət yazarı kino sahəsində süni intellektdən istifadəyə müəyyən hallarda müsbət yanaşdığını bildirib:
“Kino sahəsində isə süni intellekt imkanlarının yalnız dekorativ müstəvidə istifadəsini məqbul sayıram. Digər hallarda onun istifadəsini qəbuledilməz hesab edirəm. Hazırda süni intellektlə tanışlıq və müəyyən mənada sınaq dövründəyik. Buna görə də onun müxtəlif sahələrdə istifadəsinə müəyyən qədər haqq qazandırmaq olar”.
N.Pirin sözlərinə görə, əsas təhlükə süni intellektin özündən daha çox, onun nəzarətsiz və genişmiqyaslı istifadəsinin yaradıcılığın mahiyyətini dəyişdirməsidir:
“Bu prosesin nəzarətsiz şəkildə davam etməsi ciddi riskdir. Risk süni intellektin dünyanı ələ keçirməsində deyil, hər şeyin getdikcə dekorativ və süni xarakter almasıdır. Bu isə insanlıq üçün ciddi problemdir”.
N.Pir vurğulayıb ki, texnologiya yaradıcılıq məhsulu ortaya çıxara bilsə də, insanın yaratdığı sənət və yaradıcılıq təcrübəsini tam əvəz edə bilməz:
“Bir sözlə, şair Qulu Ağsəs demiş, süni intellekt şeir yaza bilər, amma heç vaxt şair ola bilməz”.
Nigar Xəlilli
20:50 21.08.2026
Oxunuş sayı: 52