İlanların şahından insanlığın güzgüsünə: Şahmaran
“Şahmaran”a baxmağa gedəndə qədim bir əfsanənin səhnədə yenidən danışılacağını düşünürdüm. Amma tamaşa bitəndə hiss etdim ki, mənə əfsanədən daha çox insan göstərildi. Səhnədə ilanların şahı vardı, amma mənim gözüm bir müddət sonra insanlarda qaldı. Onların baxışlarında, qorxularında, seçimlərində, susduqları yerlərdə...
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bu tamaşanı izləyərkən qəribə bir hiss keçirdim. Sanki Şahmaran səhnədə oturub bizə baxırdı və hərdən düşünürdüm ki, görəsən, bizə nə deyəcək? Çünki onun qarşısında yalnız tamaşadakı obrazlar yox, elə bil bütün insanlıq dayanmışdı.
Şahmaranın hekayəsində məni ən çox düşündürən də elə bu oldu. O, sadəcə sirli, əfsanəvi bir varlıq deyil. O, insanın özünə tutulan güzgüdür. Güzgüyə baxanda isə həmişə xoşuna gələn mənzərəni görmürsən.
Tamaşanın musiqisi də bu hissi daha da gücləndirirdi. Rok ritmləri, canlı ifalar, xor, balet, səhnənin hərəkəti... Bir tərəfdə qədim Şərqin əfsanəsi, digər tərəfdə müasir dünyanın səsi. Ömər Xəyyamın sözləri ilə səslənən mahnılar isə tamaşanın içində ayrıca bir nəfəs kimi duyulurdu. Bəzən musiqi başlayanda elə bilirdim ki, səhnədəki hadisədən çox, onun yaratdığı hissi dinləyirəm.
Şahmaranın dünyasına baxdıqca onun insanlara niyə bu qədər sərt baxdığını da düşünürsən. Biz həmişə əfsanələrdə yaxşı ilə pisi ayırmağa öyrəşmişik. Amma burada sərhədlər bir az qarışır. Yaxşı insan kimdir? Pislik edənmi, yoxsa pisliyi görüb susanmı? Xəyanət edənmi, yoxsa xəyanəti bağışlamayanmı?
Tamaşanın bəzi anlarında özümü səhnəyə çox yaxın hiss etdim. Elə bil Şahmaranın qarşısında mən də oturmuşam və o, mənə də sual verir. “Sən insanlara nə qədər etibar edirsən?” “Sən özün nə qədər etibarlısan?” “Sənin içində mərhəmət nə qədər qalıb?”
Ən çətin suallar da bunlardır. Çünki cavabını səhnədəki aktyor vermir. Tamaşaçı öz içində axtarmalı olur.
“Şahmaran”ı maraqlı edən mənim üçün məhz bu oldu. Mən tamaşadan çıxanda Şahmaranın necə göründüyünü yox, onun mənə nə düşündürdüyünü götürdüm özümlə.
Bəlkə də əfsanələr buna görə ölmür. Əsrlər keçir, adlar dəyişir, səhnələr dəyişir, musiqi dəyişir. Amma insan dəyişmədiyi yerdə həmin hekayələr yenidən qarşımıza çıxır.
Şahmaran da bu dəfə Musiqili Teatrın səhnəsindən bizə baxdı.
Mən isə tamaşadan çıxanda bir şeyi düşündüm: bəlkə Şahmaranın axtardığı yaxşı insan elə bizim içimizdə gizlənib, sadəcə onu çoxdan dinləmirik.
Nigar Xəlilli
15:15 05.10.2026
Oxunuş sayı: 46